Bakıda 9 manata gözyaşardıcı qaz balonları satılır

12 Oktyabr 2018 14:15

Azərbaycanda gözyaşardıcı qazdan kimlər istifadə edə bilər, satışına icazə varmı?

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, oktyabrın 10-da Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə 6-cı sinif şagirdi öz sinif yoldaşlarının üzünə gözyaşardıcı qaz balonu püskürdüb. Hadisə zamanı 2-si oğlan, 7-si qız olmaqla şagirdlər Respublika Toksikologiya Mərkəzinə yerləşdiriliblər. Hadisə zamanı həm şagirdlər, həm də valideyn və müəllimlər böyük təşviş yaşayıblar.

Yayılan məlumatlarda qeyd olunur ki, şagird gözyaşardıcı qazı atasından alıb. Adıçəkilən məktəbin direktoru mətbuata verdiyi açıqlamada bildirib ki, hadisə ilə əlaqədar həm şagird, həm də atası saxlanılıb: "Həmin gözyaşardıcı qaz balonunu uşağa atası verib ki, kimsə sənə xəsarət yetirmək istəsə, özünü müdafiə edərsən. Şagird isə gözyaşardıcı qazı sinifdə uşaqlar arasında istifadə edib".

Qeyd edək ki, ölkəmizdə "Xidməti və Mülki Silah Haqqında" Qanuna görə, gözyaşardıcı qazın dövriyyəsi qadağandır. Qanuna əsasən, yalnız hüquq-mühafizə orqanlarının əməkdaşlarına bu qazdan istifadə etmək icazəsi verilib. Yəni vətəndaşın gözyaşardıcı qazdan istifadə etmək hüququ yoxdur. Çünki adıçəkilən qaz qısa müddətlik də olsa insana xəsarət yetirə bilir.

Lakin apardığımız araşdırmalardan belə məlum olur ki, dövriyyəsi qadağan olsa da, təhlükəsizlik məqsədilə bu cür qazların həm gizlin, həm də açıq-aşkar şəkildə, hər kəsin ala biləcəyi çox ucuz qiymətə satışı aparılır. Məsələn, elan saytlarının birində Amerika istehsal olan gözyaşardıcı qaz spreyinin 9 manata satıldığının şahidi olduq.

Bəs qadağan olduğu halda bu qaz necə əldə edilir? Ümumiyyətlə, gözyaşardıcı və yaxud bibər qazı nədir, onun insan sağlamlığına hansı ziyanları var?

İlk öncə, qeyd edək ki, gözyaşardıcı qaz - tərkibində lakrimator (yunanca "lakrime"- gözyaşı deməkdir) olan qıcıqlandırıcı maddədir. Onun tərkibində xrom (Cr), xlorosetafenon (CS, CN) maddələri daxildir. Gözyaşardıcı qaz gözün selikli qişasına və tənəffüs yollarına qıcıqlandırıcı təsir göstərir. Ondan ən çox kütləvi etirazlar, iğtişaşlar və ictimai təhlükə yaradan qanunsuz hərəkətlərin qarşısını almaq üçün istifadə olunur. Bu qaz öldürücü təsir göstərməyən silahlar qrupuna daxildir. Gözyaşardıcı qaz kimyəvi silahlar sırasına aiddir və beynəlxalq müqavilələrlə qadağan olunmayıb.

Gözyaşardıcı qazdan zəhərlənmək mümkündür. Zəhərlənmənin əlamətləri bunlardır: blefarospazm (göz qapaqlarının reflektor sıxılması), göz yaşının axması, burundan seliyin axması, dərinin qaşınması, asqırma və ürək bulanması.

Gözyaşardıcı qaz həmçinin ağciyərlərə təsir edir, onun artıq dozası ağciyərlərin şişməsinə gətirib çıxara bilər.

Qonşu Türkiyədə də gözyaşardıcı qazın satışı yalnız xüsusi icazədən sonra mümkündür. 2014-cü ildə edilən dəyişikliyə görə gözyaşardıcı qaz ölkədə silaha bərabər tutulur və vətəndaşlara özünmüdafiə məqsədilə satılan bu qazın qatılığı polisin tətbiq etdiyi qazın qatılığından 12 faiz aşağı olmalıdır. Türkiyə qanunlarına görə, gözyaşardıcı qazın qanunsuz satışı və ondan qanunsuz istifadəsinə görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Azərbaycanda isə qeyd etdiyimiz kimi, gözyaşardıcı qazdan yalnız hüquq-mühafizə orqanlarının əməkdaşları istifadə edə bilər. Keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Mahmud Hacıyev mövzu ilə bağlı "Yeni Müsavat"a danışarkən bildirib ki, polislər, güc strukturları da bu qazdan yalnız zəruri hallarda istifadə bilər: "Ölkəmizdə polislər bu qazdan yalnız təxirə salına bilməyən hallarda istifadə edə bilər. İstə Daxili İşlər Nazirliyi, istərsə də güc strukturlarında çalışanların daxili təlimatları var. Yalniz o təlimatlar əsasında onlar bu silahdan istifadə edə bilər. Yəni hər bir halda, istifadə oluna bilməz. Çünki bu qazdan istifadənin pis nəticəsi ola, şəxs xəsarət ala bilər".

Mahmud Hacıyevin sözlərinə görə, güc strukturlarının əməkdaşları və yaxud polislər zərurət yaranmadığı halda bu qazdan istifadə edərsə, barəsində ciddi cəza tədbirləri görülür: "İstər silah, istərsə də bu cür qazdan istifadə edənlər barəsində xidməti təhqiqat aparılır. Yəni araşdırılır ki, həqiqətən həmin hadisə tələb edirdimi ki, polis ondan istifadə edib. Bəlkə ondan istifadə olunmaya da bilərdi? Bunun üçün də həmişə xidmət təhqiqatı aparılır. Əgər xidmət təhqiqatı zamanı məlum olarsa ki, hadisə zamanı son zərurətdə istifadə olunub, qəbul olunur. Əgər polisin bu qazdan kor-təbii şəkildə istifadə etdiyi aşkarlandıqda həmin polis barəsində inzibati qaydada cəza verilir, hətta həmin şəxs polis orqanlarından xaric oluna bilir.

Həmçinin adi vətəndaşın gözyaşardıcı qazdan istifadə etməsi, üzərində gəzdirməsi, satışını həyata keçirməsi qanunsuzdur. Belə bir hal baş verərsə, həmin şəxs qanunun müvafiq qaydalarına uyğun məsuliyyətə cəlb olunur".

Mahmud Hacıyev onu da qeyd etdi ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da adi vətəndaşlar bu qazdan istifadə edə bilər, lakin yalnız qanun dəyişikliklərindən sonra.

Bəs bu cür qaz kimlərə satıla bilər? Keçmiş polis rəisi sualımızı bu cür cavablandırdı: "Bu qazdan istifadə təhlükəli olduğu üçün onun satışını kütləvi etmək olmaz. Yalnız anlaqlı, fiziki və əqli problemləri olmayan, psixi qüsurları olmayan, təhsil almış şəxslərə vermək olar. Lakin qeyd etdiyim kimi, bütün bunlar qanunla tənzimlənməlidir".

Bəs gözyaşardıcı qazın təsirindən necə qorunmaq olar?

Ekspertlər qeyd edir ki, qazın təsirinə məruz qaldıqda ilk olaraq ağız və burunu yaş dəsmalla bağlamaq lazımdır. Ən ideal üsul isə respirator və ya əleyhiqazdan istifadə etməkdir. Beləliklə, qazın təsiri təxminən 5-30 dəqiqə davam edir. Bu halda dərindən nəfəs almaq, təmiz hava olan yerə keçmək lazımdır. Əgər bu mümkün deyilsə, hava axını ola yer, məsələn, kondisioner, ventilyator olan yerə keçmək lazımdır. Əgər qaz dəriyə düşübsə, onu spirtlə yumaq olar. Lakin spirtlə gözləri yumaq olmaz.

Milli.Az