Tibb bacılarımız niyə təzə doğulmuş körpəyə "Allah xeyir verməsin" dedi?

11 Oktyabr 2018 12:17

Feysbukda tanış olduğum həkim məni qısa müddətdə siqareti tərgitdirəcəyinə inandırmışdı. Yaşlı, qozbel kişiydi. Özəl xəstəxanada çalışır. Yanına gedəndə isti qarşıladı. Ayaqda qalmamağım üçün oturmağıma işarə elədi. Sonra dolabçadan şüşə qab çıxardı. İçində pis qoxulu nəsə vardı. Dedi, bu qarışıq səni siqaretdən biryolluq uzaqlaşdıracaq. Cümləsini təntənəli nidayla bitirdi. Şüşəni əlimə götürüb ehmalca iylədim. Həqiqətən, iyrənc idi. Qayıtdı ki, 100 manat verəcəksən, vəssalam. Duruxdum. Dedim, məndə o qədər pul hardandı, doktor? Diksindi. Ayağa qalxıb o baş-bu başa addımladı. Dedi, 50 manat. Hə, 50 manat! Ver, heç kimə heç nə demədən bunu götür, get. Bu dəfə acizanə baxışlarımla pulumun olmadığını göstərdim. Tamam özündən çıxdı. Yumruqlarını düyünlədi. Sonra əllərini açıb gülümsündü. Qayıtdı ki, iyirmicə manatı qoy masanın üstünə, götür get. Dinmədim. Lombasıyla tüpürdü şüşə qabın içinə. Mən də özümdən çıxdım. Qapını çırpıb çıxdım çölə. Arxamca şüşəni çırpdı divara. Salam-sağ olumuz bu məşum sonluqla da bitdi.

Sonralar öyrəndim ki, öz qarışığını 2-3 siqaret asılısına 50-60 manata sırıyıb. Hələ qarışıqdan fayda görməyən bir nəfərlə əlbəyaxa olub. Zorla aralayıblar. Adam ödədiyi pulu, həkimsə ondan vaxt tələb edirmiş. Belə...

Bu hadisəni Azərbaycan həkiminin xəstəsinə ümumi münasibəti səviyyəsinə qaldırmaq niyyətim yoxdur. Hərçənd, xəstəxanalarımızda xəstənin səhhəti və heysiyyatı ilə oynamaq, etinasız münsaibətlə təhlükəyə çəkmək halları kifayət qədər olub və bu narazılıq aktualdır. Ölkədə həkimlərlə bağlı əsas problemlərdən biri onların xəstə üzərindəki hakimiyyətini danlamalarla, qışqır-bağırla, tibbi biliklərini xəstənin gözünə soxmaqla (bağırsağımı yoxlatmaq üçün getdiyim həkim buna ən yaxşı nümunədir. İstifadə etdiyi aparatı istehsal edən şirkətin adını deyəndə gözlərini bərəltdi. "Sən qanmarsan" ədasıyla sözümü ağzımda qoydu) möhkəmləndirmək cəhdidir. Bundan əlavə, heç bir tibbi əsası olmadan xəstə orqanizminə etdikləri istənilən müdaxiləyə boğazdanyuxarı zəmanət verirlər (diş həkimim də beləcə alt dişlərimə qoyduğu plomba 1 il zəmanət verib pulunu artıqlamasıyla almışdı. Bir ay keçmədi, ovxalanıb töküldü).

Həkimin vicdanla işləməsi üçün nəyə and içməsinin xəstəyə heç bir aidiyyəti yoxdur. O, yalnız mərhəmət, dəqiqlik, mümkün qədər az ödəniş müqabilində çoxlu fayda, xeyir, sağalmaq istəyir. Bəli, çox sadədir. Tələb daha çox yaşamağa göstərilən xidmətin keyfiyyətli və ucuz olmasıdır.

Doğum evlərindən gileylənənlər daha çoxdur. Qiymətlər baha, xəstəxana şərtləri ağır, həkimlər, onların köməkçiləri pulgir, belə deyirlər. Xəstəxananın qapıçısından tutmuş, baş həkimə qədər hamısı şirinlik tamarzısında olur. Bu istəkləri ilə silahlanıb düşürlər xəstənin yaxınlarının canına. Mövqeyindən, vəzifəsindən asılı olaraq hər şirinlik istəyənin də öz gözləntisi, tələbi olur. Bu tələb qarşılanmadıqda üzləri çönür, nə yeni doğulmuş körpə, nə də anası veclərinə olur. "Yolaverdi" xidmətə keçirlər. Ən ucuz münasibət növü olan "mənəvi öhdəlik" yaddan çıxır. Xəstənin özü və yaxınları ilə eybəcər rəftar edirlər.

Doğum evlərinin birində rastlaşdığım mənzərə daha dəhşətli idi. Xəstəxananı əhatə edən hasarın hər yeri yeni doğulan körpənin adıyla, doğulduğu tarixlə, onları mədh edən qırıq-qırıq sözlərlə doludur. Belə demək olarsa, hasar yazıq-yazıqdır. Harasına baxsan, müxtəlif körpə adlarını, valideynlərin, nənə-babanın onlara təbrikini soyuq divardan oxuya bilərsən. Bunun nə qədər yaxşı əlamət olub-olmadığı başqa məsələdir. Amma iki tibb bacısının təbaşirlə hasara nə isə yazdığını, məni görəndə duruxduqlarını, oradan bir az uzaqlaşdıqda sağa-sola boylana-boylana işlərinə davam etdiklərini görəndə bu mənzərə maraqlı gəldi mənə. Onların getməsini gözlədim. Yaxınlaşdım hasara. Qırmızı karandaşla yeni doğulan körpənin adı və doğulduğu tarix yazılmışdı. 4-5 gün əvvəl dünyaya göz açıbmış. Təbaşirlə altda belə yazılmışdı: "Allah xeyir verməsin". Sarsıldım. Əlimdəki sudan çiləyib bu dəhşətli qarğışı birtəhər sildim. Görünürdü ki, həmin körpənin yaxınlarından narazı qaldıqlarına görə belə əməl eləmişdilər. Çox güman yenə şirinlik məsələsiymiş.

Həkimlik insana müdaxilənin ən dərin formasıdırsa, həkim də burada bazis icraçıdır. Ondan aşağı vəzifədəkilər - tibb bacıları, qardaşları, nəzarətçilər bu sistemin vacib hissələridir. Nəticədə, xəstənin sağlamlığı komleks işin keyfiyyəti və səmərəli olmasıyla bilavasitə əlaqədardır. Həkimlərdən mərhəmətli olmağı, vicdanlı yanaşmağı və səbrlə davranmağı xahiş edirəm. Qoy istənilən müdaxilələri təkcə tibbi əsasa yox, həm də vicdana, mənliyə söykənsin. Ortadakı insan amili, onun həyatda qalması üçün hər şeyə razı olması vəziyyəti unudulmasın. 

Orxan İsmayıl
Milli.Az