Rusiya Avropa Şurasından çıxarıla bilər

11 Oktyabr 2018 12:14

Rusiya Avropa Şurasının büdcəsinə ödənişi 2019-cu ilin ortalarınadək bərpa etməsə, qurumun nizamnamə orqanlarına üzv dövlətlərin siyahısından çıxarıla bilər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland deyib.

O qeyd edib ki, üzvlük haqlarının iki il ərzində ödənilməməsi sanksiyaların tətbiqi üçün əsasdır.

Konkret olaraq Rusiyanın Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti dayandırıla bilər.

Qeyd edək ki, Rusiya Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Türkiyə ilə yanaşı Avropa Şurası büdcəsinə ən çox vəsait ödəyən əsas ödəyicidir. Donbas və Krımda baş verən hadisələrlə əlaqədar olaraq 2014-cü ilin aprelində Rusiya Federasiyasının bu təşkilatdakı nümayəndə heyəti əsas səlahiyyətlərdən məhrum edilib. Rusiya səsvermə hüququ ilə yanaşı Assambleyanın rəhbər orqanlarının və onun monitorinq missiyasının da işində iştirakdan məhrum edilib.

Rusiya da özünün deputatlardan ibarət nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının işində iştirak etməməsi səbəbindən, Avropa Şurasının büdcəsinə üçüncü ödənişi etməyi dayandırıb. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu barədə danışarkən bildirib ki, söhbət 11 milyon avroya yaxın vəsaitdən gedir: "Orada söhbət mərhələli maliyyələşmədən gedir və ilin sonunda ödənilən üçüncü ödəniş edilməyəcək, vəssalam!".

Milli.Az