"Azərbaycana turistlərin daha çox cəlb edilməsi və ölkənin turizm baxımından cəlbediciliyini artırmaq məqsədilə ciddi işlər görülür. Qısa zamandan sonra planlaşdırılan bəzi işlərin gerçəkləşdirilməsinə başlanılacaq".
Bu barədə Milli.Az-a Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə məlumat verib.
Onun sözlərinə görə, ən önəmli hadisə əvvəlcə, oktyabrın 18-də Azərbaycanın yeni turizm brendinin təntənəli təqdimat mərasiminin keçirilməsi olacaq: "Bu, çox böyük bir hadisə olacaq. Təqdimat Bakıda böyük turizm sammiti çərçivəsində baş tutacaq. Təqdim olunacaq yeni brend strateji yol xəritəsi əsasında hazırlanıb. Orada Azərbaycanın yeni turizm brendi və strategiyası nümayiş etdiriləcək. Daha sonra isə noyabrda yeni brendimiz Londonda beynəlxalq turizm sərgisində təqdim olunacaq. Qeyd edim ki, Azərbaycanın yeni turizm brendi Agentliyin sifarişi ilə dünyada bu sahədə ixtisaslaşmış ən iri və nüfuzlu şirkətlərdən biri tərəfindən hazırlanıb".
Azərbaycanda turistlər üçün yeni növ məlumat köşkləri yaradılacaq
Bundan savayı müxtəlif ölkələrə müntəzəm uçuşlar da təşkil ediləcək. Yəni onlar çarter olmayacaq. Avstriya, İsveçrə, Almaniya, Hindistan və digər istiqamətlərdə uçuşların olması lazımdır. Bu onun üçün lazımdır ki, bu ölkələrdən Azərbaycana turistlər birbaşa gələ bilsinlər. Ölkələr arasında birbaşa aviareyslərin açılması turistlərin gəlib-getməsinin artmasına və əlaqələrinin möhkəmlənməsinə təkan verərək".
K.Quluzadə bildirib ki, bir sıra türkdilli dövlətləri əhatə edəcək "İpək yolu" turizm marşrutunun açılması gözlənilir: "Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə kimi türkdilli ölkələr "İpək yolu" marşrutunu müzakirə edirlər. Bu layihə bir milyona yaxın tursitin cəlb edilməsini nəzərdə tutur. Gözlənilir ki, bu marşrut bir neçə ölkənin ərazisindən, eləcə də Xəzər dənizinin şərq və qərb sahillərindən keçsin".
Azərbaycana gələn turistlərin ən çox narazı olduğu hallar - SORĞUnun nəticələri
Bu marşrutlar turistlərin sayının artmasına, regional turizm paketlərinin formalaşmasına kömək edəcək. Çünki turistin turpaketlə səyahət edərək bir neçə ölkəni gəzməsi ona üstünlüklər verir və maddi baxımdan daha sərfəli olur".
Bundan əlavə Rusiyanın Həştərxan vilayəti ilə Bakı arasında birbaşa müntəzəm gəmi reysinin açılması planlaşdırılır: "Biz təkcə tursit layneri ilə gəzinti yox, ümumilikdə birbaşa gəmi reysinin açılması da istəyirik. Bununla bağlı konkret müzakirələr aparılır. Həştərxanda çoxsaylı və güclü Azərbaycan diasporu yaşayır və fəaliyyət göstərir. Bu diaspora iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfə verə bilər. Hazırda Azərbaycana gələn turistlərin 30 faizdən çoxunu Rusiya vətəndaşları təşkil edir. Gəmi reyslərinin açılması ilə bu göstərici bir az da artacaq".
Azərbaycan Turizm Agentliyinin nümayəndəsi əlavə edib ki, ümumiyyətlə bu gün ənənəvi və qeyri-ənənəvi olmaqla bir sıra istiqamətlərdə Azərbaycana turistlərin cəlb edilməsi məqsədilə bazarlarda marketinq işləri aparılır: "Xaricdə təxminən 10-dan çox regionda araşdırma aparılır. Bu ilin sonundan etibarən bir sıra ölkələrdə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri açılmasına başlanılacaq. İlk olaraq nümayəndəliyin Rusiyada, daha sonra Avropa və Asiyadakı digər ölkələrdə açılacağı gözlənilir".
Qeyd edək ki, qəbul edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən, 2020-ci ilədək Azərbaycana 4,5 milyon turistin cəlb edilməsi qarşıya məqsəd qoyulub.
İlkin İzzət
Milli.Az