İmam Hüseyn qiyamının əsil səbəbi nə idi?

11 Oktyabr 2018 21:20

Tarix nəql edir ki, İmam Hüseyn (ə) Kufəyə yola düşən zaman İmamın (ə) bəzi yaxın dostları və cəmiyyətin nüfuzlu şəxsləri onu bu səfərdən saxlamağa çalışmışdılar. Ancaq İmam (ə) hər birinə dəlil gətirərək, onların cavabını vermişdi.

Tarix nəql edir ki, bir gün Fərzdəq, İmam Hüseynə (ə) deyir: "Ya ibni Rəsulallah! Kufəyə tərəf hərəkət etmə".

Həzrət (ə) cavabında buyurur: "Ey Fərzdəq! Bu qövm şeytana qapılıb, İlahi itaəti tərk edirlər. Yer üzündə fəsad törədirlər, İlahi sərhədləri batil edib, şərab içirlər".

İmamın (ə) bu cavabından onun qiyamının hədəfləri ilə tanış olmaq olar. O Həzrət (ə), insanları əmr-be-məruf və nəhy-əz-munkər etmək üçün qiyam etmişdi. İmamın (ə) zamanında İlahi əhkamları dəyişdirirdilər və müsəlmanları yollarından azdırırdılar. Allahın haramını halal elan edirdilər. Yezid (lən) və tərəfdaşları aşkar şəkildə şərab içirdilər.

Ona görə də İmam (ə) üzərinə düşən bu vacibatı yerinə yetirmək üçün qiyam edir və öz etirazını bildirir. İlahi hökmlərin dəyişməsinə imkan vermir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseynin (ə) Kufəyə hərəkət etməsinə etiraz edənlərdən biri də Mərvan olmuşdur. O, İmam (ə) hərəkət etməzdən əvvəl onun yanına gəlir və Yezidə beyət etməsini istəyir. Həzrət (ə) cavabında buyurur: "İslamın "Fatihə"si oxunmuşdur".

Çünki əgər İmam (ə) Yezidə (lən) beyət etsəydi, cəddinin qurduğu bütün hər şeyi əldən vermiş olacaq və İlahi hökmlərin aradan getməsinin qarşısıni almayacaqdı.

Həzrət (ə) nə qədər ağır şəraitdə qərar tutsa da, Yezidə (lən) qarşı çıxmağı üstün bilir və bu yolda canını qurban verir ki, din aradan getməsin.

Əgər o dövrdə bütün müsəlmanlar üzərlərinə düşən bu vacibatı yerinə yetirsəydilər, iş o yerə gəlib çatmazdı ki, Yezid (lən) aşkar şəkildə şərab içsin və meymunbazlıq edib, ey-işrətlə məşğul olsun. Bu, o dövrdə yaşayan bütün müsəlmanların öz vəzifələrinə əməl etməməsinin nəticəsidir. Əgər cəmiyyətdə nəhy-əz-munkər tərk edilərsə, yezidlərin sayı artacaq və din əldən gedəcəkdir. Ona görə də hər bir müsəlman bu vacibata xüsusi diqqət etməli və onu tərk etməli deyildir.

Milli.Az