Bizə can verən qan

13 Oktyabr 2018 19:20

Dünyanın ən bahalı avtomobili də keyfiyyətsiz yanacaqla ya pis işləyir, ya da ümumiyyətlə işləmir. Orqanizm də belədir: əgər qan toksiki maddələrlə zəhərlənibsə və normal deyilsə, həyat fəaliyyəti pozulur. Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Ona qırmızı rəng verən tərkibi müxtəlif hüceyrələrdən ibarət dəmir birləşmələridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanın xüsusiyyətləri barədə Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə məlumat verib: "Nüvəsiz qan hüceyrələri olan eritrositlər stroma və yarımmaye kütlədə həll olmuş hemoqlobindən ibarətdir və onun əsas vəzifəsi qaz mübadiləsində iştirak etməkdir. Eritrositlər plastik olduğuna görə formasını dəyişərək uzanır və incə kapilyarlardan keçə bilir. Qanın qruplara ayrılması da eritrositlərlə əlaqədardır. Böyük fizioloji əhəmiyyətə malik leykositlər girdə rəngsiz nüvəli hüceyrələrdir. Onlar hərəkət edərək bakteriya, hüceyrə qırıntıları və yad cisimcikləri tutub fermentlər vasitəsilə əridir. Leykositlərin miqdarının artması leykositoz, azalması isə leykopeniya adlanır.

Çoxlu miqdarda granül ehtiva edən rəngsiz hüceyrə parçaları olan trombositlər, qanın laxtalanmasında əhəmiyyətli rol oynayır. Megakaryosit deyilən sümük iliyinin böyük hüceyrələrinin parçalarından meydana gələn trombositlər ortalama 10 günə qədər yaşayarlar. Ömrü dolan trombositlər dalaq və qaraciyərdəki xüsusi elementlər tərəfindən yox edilər. Trombositlərin tərkibində bioloji aktiv maddələr olan sitoplazmatik qranullar var.

Qan oksigeni ağciyərdən toxumalara və karbon qazını toxumalardan ağciyərə, qida maddələrini həzm orqanlarından toxumalara aparır, maddələr mübadiləsinin lazımsız məhsullarını, həmçinin artıq su, duz və turşunu toxumalardan çıxarır, orqanizmə düşən yad cisimlərə qarşı mübarizə aparır, laxtalanma qabiliyyəti sayəsində itkilərdən mühafizə edir.

Qan arteriya, vena və kapilyarlar vasitəsilə hərəkət edir. Həyəcan keçirərkən qanda böyrəküstü vəzin ifraz etdiyi adrenalin hormonu və onun nəticəsində ürək döyüntüləri artır. Qanın dövr etməsində kapilyar damarlarının böyük əhəmiyyəti var. Elm sübut edib ki, əsəb gərginliyi keçirəndə qan qatılaşır, sağlam həyat tərzi keçirəndə, zərərli vərdişlərdən-siqaret və alkoqoldan uzaq olanda qan da sağlam olur. Qanın orqanizmdə fəaliyyətinin tənzimlənməsi üçün müntəzəm olaraq təmiz havada gəzmək, idmanla məşğul olmaq, düzgün qidalanmaq, normal yuxu, təbiət qoynunda istirahət etmək lazımdır.

Təəssüf ki, bəzən bitkilərdən istifadə edərkən onların qana necə təsir göstərdiyi nəzərə alınmır. Məsələn, qatırquyruğdan istifadə zamanı qan qatılaşır, nanədən istifadə edəndə qan durulur. Ürək və böyrəklərin fəaliyyəti pozulanda, eləcə də qan damarlarında kirəcləşmə (ateroskleroz) olduqda təzyiq yüksəlir. Badamı şəkərlə birlikdə qəbul edəndə qan damarlarının kirəcləşməsinin qarşısı alınır".

Həkim-hematoloq orqanizmdə qanın tərkibini yaxşılaşdırmaq üçün bir neçə reseptdən istifadə etməyi məsləhət görüb.

Hər birindən 100 qram olmaqla tozağacı tumurcuğu, dazıotu, solmazçiçək və çobanyastığı qarışdırılır, qarışıqdan bir xörək qaşığı 0,5 litrlik saxsı çaynikdə dəmlənilir, ağ təmiz parçadan süzülür, səhər yeməyindən yarım saat əvvəl və yatmazdan bir saat qabaq bir stəkana bir çay qaşığı bal qatılaraq içilir. Müalicə kursu 42-45 gün aparılır.

Yovşan suyundan balla şərbət hazırlanıb içilir.

Qanın təmizlənərək saflaşması üçün bağ sarmaşığı suda qaynadılır və suyu stəkanla içilir. Qan təzyiqi aşağı olanda bir stəkan ayrana bir çay qaşığı duz qatılaraq qəbul edilir.

Qan təzyiqi yuxarı olanda sarımsaq əzilərək balla qarışdırılaraq məcun hazırlanır, çay qaşığı ilə qəbul edilir.

Qan azlığı zamanı hər birindən eyni miqdarda tozağacı yarpağı və gicitkən qarışdırılır, qarışıqdan iki xörək qarışığı 300 ml qaynar suda dəmlənir, üç saat sonra süzülür. Gündə 3-4 dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir. Müalicə kursu 3-4 həftə davam etməlidir.

Milli.Az