Avropa Parlamentinin erməni sevgisi - Və ya Eleni Teoxarus kimdir? - VİDEO

3 Oktyabr 2018 23:42

"Dağlıq Qarabağ rejimi ilə bağlı bütün təşəbbüləri bundan sonra da Avropa Parlamentində dəstəkləyəcəm".

Bu sözləri keçən həftə Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər etmiş Avropa Parlamentinin Kiprdən olan deputatı Eleni Teoxarus deyib. Bu, Eleni Teoxarusun Azərbaycan qanunlarını pozduğu ilk hal deyil. O, 2013-cü ildə də Dağlıq Qarabağa səfər edərək, işğalçı rejimlə görüşlər keçirmiş və buna görə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən "qara siyahı"ya salınmışdı. Bu yerdə haqlı olaraq sual yaranır: Avropa Parlamenti kimi ali bir təşkilatın adını separatizmi təbliğ etmək üçün istifadə edən bu şəxsin fəaliyyəti mənsub olduğu qurum tərəfindən niyə araşdırılmır?

Milli.Az bildirir ki, bu hərəkətləri sadə Kipr vətəndaşı və ya Ermənistana rəğbəti olan bir şəxs desə, bəlkə də normal qarşılamaq olardı. Lakin "Ermənistan mənim vətənimdir" deyib, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edən bu qadın Avropa Parlamentinin deputatıdır və Kipri təmsil edir.

Bəs kimdir Eleni Teoxarus və ya onda işğalçıya dəstək immuniteti necə yaranıb?

Xatırladaq ki, Eleni Teoxarus hələ 1988-ci ildə, hərbi əməliyyatların aktiv dövründə Dağlıq Qarabağda könüllü həkim-cərrah kimi çalışıb. Elə həkimlik fəaliyyəti çərçivəsində münaqişə bölgəsində guya humanitar fəaliyyət göstərən bu şəxs nədənsə həmin dövrlərdə Azərbaycan torpaqlarının işğalını, 100 minlərlə insanın öz yurdundan qovulmasını, hətta Xocalıda dəhşətli soyqırımın baş verməsinin şahidi olmasına baxmayaraq, bütün bunları görməzdən gəlir. Baş verənlərlə bağlı "Faciəni təbliğata çevirmək olmaz" deməsi isə əslində, onun hansı xarakterin və ideyanın mənsubu olduğunu göstərir. Dağlıq Qarabağda baş verənləri faciə adlandıran Eleni Teoxarus Avropa Parlamentində bu faciəni törədənlərin əsas müdafiəçilərindən biridir.

O, bir neçə gün əvvəl yenidən özünün ikinci vətəni adlandırdığı qondarma rejimin qonağı olur. Burada deputatı səfər boyu müşayiət edən və ona Dağlıq Qarabağda əsl gəzinti turu təşkil edən Kaspar Karametyandır. Karametyan özü də Avropada erməni işğalını legitimləşdirmək istiqamətində canfəşanlığı ilə seçilir.

Teoxarus, Dağlıq Qarabağda səsləndirdiyi bəyənatla əsl məqsədini açıq-aşkar etiraf edib və bir növ erməni lobbisi qarşısında borcunu bir daha yerinə yetirmiş olur. Onun açıqlaması həftələrdir Ermənistan kütləvi informasiya vasitələrinin manşetlərini bəzəyir.

Maraqlısı budur ki, Eleni Teoxarus bütün açıqlamalarında və hərəkətlərində çox rahat bir şəkildə Avropa Parlamentinin adından istifadə edir. O, Kiprin sadə bir vətəndaşı kimi yox, məhz Avropa Parlamentinin deputatı kimi davrandığını nəinki gizlətmir, özünü elə bu cür təqdim edir. Bu hal özü Avropa Parlamenti tərəfindən Teoxarusun fəaliyyətinin araşdırılması üçün ciddi əsasdır. Necə olur ki, heç bir səviyyədə tanınmayan separatçı bir rejimin hökm sürdüyü əraziyə bu deputat dəfələrlə səfər edir? Hətta nəinki Avropa Parlamentinin, ümumiyyətlə, beynəlxalq hüququn prinsiplərinə zidd açıqlamalar verir?

Axı söhbət Avropa dəyərlərinin, qanunun aliliyinin və insan hüquqlarının əsas keşikçisi olan Avropa Parlamenti və onun tam hüquqlu üzvündən gedir... Avropa Parlamentinin bu üzvü həmin dəyərlərə hörmət etməyə bilər, amma qurum isə bu dəyərlərə nəinki hörmət etməlidir, həm də onu qorumalıdır. Lazım gəldiyində öz üzvləri barəsində ciddi ölçü götürməklə də olsa bunu etməyə borcludur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avropa Parlamentinin erməni sevgisi - Və ya Eleni Teoxarus kimdir?