1,3 milyard avroluq superkompüter yaradılacaq

29 Sentyabr 2018 18:58

Avropa Komissiyasının irəli sürdüyü superkompüter təklifi Avropa İttifaqı ölkələri tərəfindən qəbul edilib.

Milli.Az ICTnews-a istinadən xəbər verir ki, layihənin həyata keçirilməsi üçün 485 milyon avro Aİ büdcəsindən daxil olacaq, 400 milyon avro iştirakçı ölkələr, daha 400 milyon avro isə özəl şirkətlər tərəfindən ayrılacaq. Ümumilikdə 1 milyard 285 milyard avro xərclənəcək.

Bu vəsaitlərlə dünyada ən güclü kompüterlər beşliyinə daxil olan 2, eləcə də dünyada ilk iyirmibeşlikdə yer alan daha 2 superkompüterin alınması planlaşdırılır. Lüksemburq hesablama mərkəzi Avropa ölkələrinin superkompüterlərini vahid şəbəkədə birləşdirəcək.

Məlumat üçün qeyd edək ki, noyabrda Lüksemburqda açılacaq Avropa hesablama mərkəzinin yaradılmasında 24 ölkə, o cümlədən Aİ-yə daxil olmayan Norveç iştirak edir. 

Qeyd edək ki, dünyada ən güclü superkompüter ABŞ-da hazırlanıb. İyunda işə salınan "Summit" hesablayıcı qurğusu ABŞ-ın Oak Ric Milli Laboratoriyasında yaradılıb. Kompüterin gücü 200 petaflops və ya saniyədə 200 min trilyon hesablama təşkil edir.

Bunadək dünya reytinqində birincilik 93 petaflops göstərici ilə Çinin "Sunway TaihuLight" superkompüterinə məxsus olub. Almaniyanın ən güclü "Juwels" superkompüteri ölkənin qərbində Yulix tədqiqat mərkəzində yerləşir. Gücü 6,2 petaflopsa bərabər olan "Juwels" dünyanın ən güclü 500 superkompüteri siyahısında 23-cü yeri tutur.

Milli.Az