Paşinyan hökuməti sülh prosesinə hələ hazır deyil

29 Sentyabr 2018 13:49

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla əlaqədar dəfələrlə ifadə etdiyi fikirlərdən aydın olurdu ki, onun prinsipcə danışıqların gedişindən, münaqişənin həllindən ümumiyyətlə xəbəri yoxdur. Ermənistanda çox çətin və gərgin siyasi vəziyyət yaranıb. Baş verən hadisələrin fonunda Paşinyan və onun tərəfdarları çox güman ki, müvəqqəti hökumət kimi görünürlər. Paşinyan gah ondan əvvəl hakimiyyətdə olan hərbi cinayətkarların sözlərini təkrarlayır, gah Ermənistanın danışıqların prosesinin ötən əsrin 90-cı illərindəki mövqeyinə qayırdır. İndi də deyir ki, danışıqlar prosesinə sadiqdirlər".

Bu barədə Milli.Az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

Onun fikrincə, bu onu göstərir ki, Ermənistanda hakimiyyət tam reallaşmayana, işlərin nədən ibarət olması, ölkənin hansı istiqamətdə inkişaf edəcəyi aydınlaşmayana qədər Paşinyan hər gün mənasız, ziddiyyətli fikirlər ifadə edəcək: "O, hakimiyyətə gələndən bəri hər həftə ağzından bir avaz gəlir. Paşinyan gündə bir fərqli fikir söyləyir. Paşinyan hökumətinin stabil mövqeyi yoxdur və onlar sülh prosesinə də hələ hazır deyillər".

MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub

 Qeyd edək ki, sentyabrın 28-də Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə bəyanatlarında "Dağlıq Qarabağın ayrıca respublika olmasına, Dağlıq Qarabağın sülh danışıqlarına ayrıca tərəf kimi qatılmalı olduğununa, eləcə də Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması, bu məsələdə heç bir güzəştə gedilməyəcəyinə, Ermənistanın və bütün erməni xalqının Azərbaycana əks-zərbə vurmağa hazır olduğuna dair fikirlər səsləndirib.  

Milli.Az