Xəbər verdiyimiz kimi, Xüsusi Olimpiya Hərəkatının əlli illiyi ilə əlaqədar olaraq Bakıda silsilə tədbirlər keçirilir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dünən sabiq idmançılarımız - Namiq Abdullayev, Fərid Mansurov, Niyaməddin Paşayev, eləcə də, karateçimiz Rafael Ağayev Azərbaycan Xüsusi Olimpiya Komitəsi adından futbol matçına çıxıb və çempion olub.
Sərbəst güləş üzrə Sidney Olimpiadasının qalibi, üçqat Avropa çempionumuz, hazırda Güləş Federasiyasının Yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev futbolu çox sevdiyini bildirib:
"Futbol sevdiyim bir nömrəli idman növüdür. İdmana futbolla başlamışıq. Futbolu hamı sevir. Həftəarası özümüz üçün futbol oynayırıq. Ümumiyyətlə, güləşçilər futbol oynamağı yaxşı bacarır. Güləşçilərin fiziki hazırlığı üçün futboldan çox istifadə olunur. Futbolda sürət güləşdə çox köməyə gəlir. Sevinirik ki, əqli cəhətdən məhdud imkanlı uşaqlarla birgə futbol oynadıq. Bu, həm də dünyaya bir mesajdır".
Beşqat dünya, onbirqat Avropa çempionumuz, Avropa Oyunları və İslamiadanın ikiqat qalibi Rafael Ağayev zədəsi olmasına baxmayaraq, dəvətdən imtina etməməsini vurğulayıb:
"Çox gözəl tədbir idi. Gənclərimizi və bütün uşaqları sevindirdik, əyləndirdik. Mənim üçün gənclərlə birlikdə futbol oynamaq, deyib-gülmək və əylənmək şərəfdir. Bu, tək bizim yox, hamımızın qələbəsidir. Həmişə çalışmışıq ki, sadə və başımız yuxarı olsun, bayrağımızı qaldıraraq yarışlarda qələbə qazanaq. Əvvəllər də futbol oynamışam. Futbol mənim karatedən sonra ən sevdiyim idman növüdür. Zədəli olsam da, oynadım".
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun təklifi ilə sonda qonaqpərvərlik olaraq qızıl medallar Dünya Xüsusi Olimpiya Komitəsinə verilib. Ağayev çempion olmalarına baxmayaraq, boyunlarından bürünc medallar asılmasına görə pis olmadığını qeyd edib:
"Medalın pisi, yaxşısı olmur. Əsas odur ki, kürsüdə olasan".
Milli.Az