Zeyd ibn Ərqəm kimdir?

27 Sentyabr 2018 22:50

Zeyd ibn Ərqəm Həzrət Muhəmməd Peyğəmbərin (s) məşhur səhabələrindən biridir. Yəsribin Xəzrəc qəbiləsindən idi, Peyğəmbərin (s) zamanında baş vermiş 17 savaşda iştirak etmişdi.

Milli.Az islam.az-a istinadən bildirir ki, Zeyd Bəni-Müstəliq yürüşündə müsəlmanların cərgəsinə soxulmuş münafiqlərin söhbətini eşidib Peyğəmbərə (s) xəbər verdi, məsələnin üstü açılınca münafiqlər onu iftira atmaqda təqsirləndirdilər. Lakin münafiqlərin dedikləri sözlər vəhy şəklndə Peyğəmbərə (s) xəbər verildikdən sonra Zeydin düz danışdığı aşkara çıxdı.

Zeyd Siffeyn savaşında İmam Əlinin (ə) tərəfində döyüşmüşdü. Kərbəla şəhidlərinin kəsilmiş başları Kufəyə gətirildiyi zaman Kufə valisi Übeydullah ibn Ziyad İmam Hüseynin (ə) başını təhqir edərək çubuqla vuranda Zeyd ibn Ərqəm ona kəskin şəkildə etiraz etmişdi.

Amma bəzi rəvayətlər Zeydin İmam Əli (ə) ilə müsbət münasibətdə olduğunu şübhə altında qoyur. Bu rəvayətlərdə deyilir ki, Zeyd Qədir-Xum hədisini dandığına görə İmam Əlinin (ə) bəd-duası ilə gözləri tutulub kor olmuşdur.

Zeyd ibn Ərqəm hicri 68-ci ildə (miladi 687-688-ci illər) Kufədə vəfat etmişdir.

Milli.Az