Bahar Muradova: “Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ATƏT Parlament Assambleyasının payız sessiyasının gündəliyinə daxil edilib”

16 Sentyabr 2011 17:43
Oktyabrın 7-11-də Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək ATƏT Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılacaq. Milli.Az xəbər portalının məlumatına görə, bunu yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, Azərbaycan nümayəndə heyəti uzun müddət idi belə bir müzakirələrin keçirilməsi təşəbbüsləri ilə çıxış edirdi. Onun sözlərinə görə, ATƏT PA-nın hazırki sədri və qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş belə bir müzakirələrin təşkil olunmasına çalışacaqlarını bildirmişdilər.

"Onlar müzakirələrin payız sessiyasında keçirilməsinin mümkünlüyünü vurğulamışdılar. Artıq sessiyanın gündəliyi təsdiqlənib. Oktyabrın 7-dən 11-ə kimi Dubrovnikdə keçiriləcək payız sessiyasının ikinci günü-oktyabrın 8-də "Münaqişələrin həll olunmasında ATƏT-in rolu: Dağlıq Qarabağ problemi" mövzusunda müzakirələr keçiriləcək və bu müzakirələrdə ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi iştirak edəcək. Həmsədrlər bu müzakirələrdə məruzə ilə çıxış edəcəklər", - nümayəndə heyətinin rəhbəri vurğulayıb.

Müzakirələrin keçirilməsinin çox vacib hadisə kimi dəyərləndirən B.Muradova qeyd edib ki, münaqişənin 56 ölkənin parlamentarilərinin diqqətində olması ciddi məsələdir. Vitse-spikerin fikrincə, istənilən beynəlxalq təşkilatda Dağlıq Qarabağ probleminin xüsusi məsələ kimi müzakirəyə çıxarılmasının çox böyük əhəmiyyəti var: "Belə bir mötəbər beynəlxalq təşkilatda həmsədrlər məruzə ilə çıxış edəcək, Avropa parlamentariləri münaqişə ilə bağlı ilkin mənbədən məlumat alacaqlar. Həmsədrlər danışıqların hazırki vəziyyəti, prosesin perspektivləri ilə bağlı düşüncələri, tərəflərin mövqeləri haqqında parlamentarilərə məlumat verəcəklər. Müzakirələrin nəticəsi olaraq hansısa sənədin qəbul olunub-olunmayacağı hələ bəlli deyil. Amma əsas məsələ odur ki, bu problem müzakirəyə çıxarılır və müzakirələrin gedişində status-kvonun dəyişdirilməsinin vacibliyinin həmsədrlər tərəfindən ATƏT PA-nın tribunasından səsləndiriləcəyi gözlənilir. Təbii ki, Azərbaycan nümayəndə heyəti bu müzakirələrdə fəal iştirak edəcək və əsil həqiqətləri bu yüksək tribunadan bir daha bəyan edəcəklər".

Milli.Az