“Dantenin yubileyi”nin əks-sədasında - VİDEO - FOTO

21 Sentyabr 2018 22:03

Anar, ümumiyyətlə, qəhrəmanlarına həssaslıqla yanaşan, onların yaxşı cəhətlərini ön plana çəkən müəlliflərdəndir. Elə onun ilk lirik povestinin məhz Dante Aligyerinin (1265-1321) adı ilə bağlı olmasının da zəruri əlaqələri var. Ömrü boyu özündə və ətrafında baş verənlərin prinsipial özəyini axtaran şair və mütəfəkkir Dantenin məhz belə dərin düşüncələrə qərq olmaq meyli, müəyyənliyin, daxili tamlığın ümumi başlanğıcına varmaq şövqü, qəlbinin ehtirası və intəhasız təxəyyülü onun poeziyasının keyfiyyətini, üslubunu, obrazlılığını və mücərrədliyini təyin edib. O, deyirdi: "Bir insanın digərinə dost münasibətdə olmasından daha doğal bir təzahür ola bilməz..." Yaxud "Hər bir comərdliyin məqsədi odur ki, həyatımızı daha da fərəhli etsin...".

Bütün bu qənaətlər "Dantenin yubileyi" povestinin qəhrəmanı Feyzulla Kəbirlinskinin oxuculara və Anarın və Gülbəniz Əzimzadənin tammetrajlı kinoda ilk müstəqil işlərinin təqdimatında əsas qayəni xatırlatmırmı?

Kinomuzun 120 illik yubileyi dönəmində Milli.Az-ın "Azərbaycanın kino incilərindən" layihəmizdə bu dəfə "Dantenin yubileyi" ekran əsərinin yubileyini qeyd edirik. Aşağıda yaradıcı heyətin bəzi üzvlərinin hər birinin təəssüratı, xatirəsi, fikri ayrıca dəyər kəsb edir.   

"Hər dəfə baxanda buna görə məyus oluram..."

Anaxanım rolunun ifaçısı Zenfira Sadıqova:

"Mən kinostudiyanın aktyor ştatında çalışırdım. Anar müəllim məni bu filmdə çəkilməyə dəvət etdi, mən də xarakter obraz olduğu üçün, məmnuniyyətlə, dəvəti qəbul etdim. Tərəf-müqabillərim Xədicə rolunda Zərnigar Ağakişiyeva, Feyzulla Kəbirlinski rolunda Həsənağa Turabov və Eldar rolunda Vaqif İbrahimoğlu idi. Üçü də gözəl aktyor və çox yaxşı tərəf-müqabilləri idilər. Çəkilişlərdə qeyri-adi hal baş vermədi, bütün epizodlar birinci dubldan qəbul edildi. Ssenaridə necə yazılmışdısa, elə də təqdim etmişəm obrazımı. Məşqsiz baş verdi çəkilişlər. Əlbəttə, gerçək xarakterimdən çox fərqlidi Anaxanım. Ona görə aktyor çevrilməsi tələb olundu. Anarın çox xoşuna gəlmişdi mənim rola yanaşmam. Aktyor xasiyyətnaməsində yazmışdı ki, Zenfira Sadıxova rolunu yapırdı.

Rollarım arasında məni ən çox qane edən iki rolumdan biridir (digəri 2015-ci ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Dimitrov küçəsi, 86" qısametrajlı filmindəki Şəfiqə xanım obrazıdır). Anaxanımda yeganə olaraq bir qədər qane olmadığım məqam Xədicənin əri Feyzulla Kəbirlinski ilə Dantenin yubileyinə getməyə hazırlaşdıqlarını, Anaxanımın həmişə səliqəsiz nimdaş görkəmdə gördüyü Xədicəni indi geyimli-kecimli görəndə verdiyi reaksiyanın o qədər də ifadəli alınmamasıdır. İfadəliliyin alınması üçün gərək aktyora vaxt verəydilər. Bu epizod istədiyim kimi alınmayıb. Hər dəfə baxanda buna görə məyus oluram... O epizod çəkiləndə kənardan bəzi artıq-əskik sözlər eşitdim, belə hallar isə hər bir aktyoru əndazədən, tarazlıqdan çıxara bilər. Bəlkə də bu, mənə mane oldu. Həmin kəslər rəhmətə gediblər, ona görə adlarını çəkməyəcəm".

"Sanki səhnəmizin tarixi yazılıb"

Filmin quruluşçu rəssamı Rafiz İsmayılov:

"Mən bir çox rejissorlarla işləmişəm. Filmin hazırlıq dövründə müzakirələr zamanı müəyyən bir epizodun fərqli bir məkanda çəkilməsi zərurəti yaranır. Bu filmdə ssenari müəllifi ilə quruluşçu rejissorlardan birinin eyni adam, yəni Anarın özü olması sayəsində heç bir fikir ayrılığı yaranmadı. Məkandan söz düşmüşkən, Kəbirlinskinin evi Axundov bağının yanındakı binaların birinin mənzilində çəkilib. 

Həm də rollara dəvət edilmiş aktyorların sayəsində indi bu filmi teatr və kino sənətimizin ensiklopediyası kimi nəzərdən keçiririk. Çünki həm gənc, həm də digər yaş nəslinə mənsub aktyorların qüvvəsindən çox məqsədəuyğun istifadə edilib. Sanki səhnəmizin tarixi yazılıb. Eyni zamanda elə bil ki, film bu gün çəkilib. Sənətkarlarımızın qüdrəti bu gün də bizi laqeyd qoymur... Həsənağa Turabov o rolda çəkiləndə cəmisi 40 yaşındaydı, amma görün, 60 yaşlı adamı necə inandırıcı canlandırıb..."

"Özümü bağışlamıram ki..."

Filmin rejissor assistenti Yusif Şeyxov:

"Bizim kinoda iki rejissorun birgə film çəkmək halları o qədər də çox deyil. Özü də Anarın və Gübəniz Əzimzadənin debüt filmi idi. Filmin konseptual yozumu barədə onların mübahisələri barəsində məlumatım yox idi, onlarsız ötüşə bilməzdi, güman etmək olar ki, Gülbəniz xanım özünün rejissor prinsiplərini yeritməyin yollarını tapırdı. Hər halda çəkiliş meydançasına ümumi rəyə gəlmiş adamlar kimi çıxırdılar. Ümumiyyətlə, həmişə "Dantenin yubileyi"ni Anarın ən maraqlı hekayəsi saymışam. Nəsr əsərinin ekran dilinə çevirmə prosesində mən, cavan rejissor asisstenti, maraqlı çox şey görür, eşidir, müşahidələrimi edir, bir sözlə təcrübə toplayırdım. Əlbəttə, rejissor tandemində Anar aparıcı qüvvə idi. Təkcə ona görə yox ki, o, həm də ssenari müəllifi idi. Onun bir şəxsiyyət kimi həcmi, miqyası daha üstün idi şübhəsiz. Amma bunu heç üzə vurmurdu, ona xas olan təmkinlə münasibətləri nizamlamağı bacarırdı. Əslində, Anar özü də cavan adam idi, qırx yaşı ola-olmazdı. Bununla belə, çəkiliş heyəti üzvləri onun hamıya göstərdiyi yalançı deyil, içindən gələn yüksək mədəni davranışın qarşılığında işini dəqiq və səhvsiz görməyə çalışırdı. Film eləcə də rahat çəkildi və vaxtında təhvil verildi. Ekranlara çıxmağından 7-8 il sonra mən "Qoskino"da (Moskvada fəaliyyət göstərən Dövlət Kinematoqrafiya Komitəsi - red.) çalışıdığım zaman, Moskvadan gəlmiş yüksək rütbəli redaktor xanım (adı yadımda deyil) Komitənin kollegiyasındakı çıxışında belə cümlə işlətdi: "Знающие люди характеризовали мне Анара как совесть азербайджанской интеллигенции" ("Bilən adamlar Anarı Azərbaycan intelligensiyanın vicdanı kimi xarakterizə edirdilər"). Mən bu sözləri yaxşı xatırlayıram...

Müəlliflərdən irəli gələn yüksək ziyalılıq atmosferində yaranan filmin özü də bu keyfiyyətə cavab verir. Kəbirlinskinin draması kinostudiyanın pavilyonunda quraşdırılmış dekorasiyalarda, Aktyor Evinin interyerlərində, yanılmıramsa Muzkomediya teatrında canlanırdı. Bundan əlavə film Bakının küçələrində, "Moskva" mehmanxanasının yaxınlığında və interyerində, Teleteatr binasının yanında çəkilib. 

Filmdə tətbiq edilmiş priyom vasitəsilə dövrün yaradıcı elitasının neçə-neçə nümayəndəsini irili-xırdalı obrazlarda görmək olur, bu kadrlara indi kinoxronika kimi baxırıq. Aktyor olmayan sənətkarlar Toğrul Nərimanbəyov, Eldar Quliyev, Vaqif İbrahimoğlu, Oqtay Mir-Qasım, Emin Sabitoğlu, daha kimlər, kimlər... İndi isə götürün Anarın ikinci filmini. "Üzeyir ömrü"ndə bu priyomdan birbaşa istifadə etmək mümkün olmasa da, XX əsrin əvvəlində yaşayıb yaratmış mədəniyyət xadimlərimizin çox geniş qalereyası elə məhəbbətlə və dəqiqiliklə yaradılıb ki, üstündən 10-15 il keçəndən sonra film artıq xronika kimi qəbul olunurdu. Bunlar, əlbəttə, Anarın maarifçi təbiətindən irəli gələn millətə verdiyi töhfələrdir. Mən hələ bu filmlərdəki gözəl aktyor ansamblını demirəm! Bu haqda kinoşünaslar daha dəqiq şərhlər verə bilər.

Bu gün yalnız heyifslənmək olar ki, Mərkəzi Televiziya üçün çəkildiyi üçün "Dantenin yubileyi" rusca səslənir. Yəni o zaman bədii filmlərin hamısı Moskvanın sifarişi və maliyyəsiilə çəkilirdi. Sadəcə, Dövlət Kino Komitəsinin xətti ilə çəkilən filmləri milli dildə təhvil vermək olurdu. (Sözün düzü, Azərbaycan kinosunun filmlərində dil məsələsi  ayrıca bir mövzudur). TV-filmlərin bir böyük üstünlüyü var idi, bu ondan ibarət idi ki, bütün SSRİ respublikalarının 200 milyondan artıq tamaşaçı auditoriyası üçün yayımlanırdı. Filmə özbək də baxırdı, rus, ukraynalı da, eston, qırğız, tuvalı, qazax və başqaları. İndi belə təbliğat imkanını təsəvvür etmək mümkün deyil... Özümü də bağışlamıram ki, Respublika kinoprokat idarəsinə rəhbərlik etdiyim illərdə, filmdə çəkilmiş aktyorların sağlığında (!) onun öz dilimizdə səsləndirilməsi məsələsini həll edə bilmədim. Plan doldurduq, təəssüf olsun, indiki kimi, o zaman da yüksək bədii dəyərlərə malik olan filmlər geniş tamaşaçını maraqlandırmırdı.

...Yadımdadı, film üzərində son işlər görülürdü, montaj-səsləndirmə mərhələsi idi, mən də bu gün-sabah qrupu tərk edəcəkdim, növbəti filmə təhkim olunmuşdum. Bir neçə ay yanlarında işlədiyim və böyük hörmətlə yanaşdığım insanlar və film haqqında bir yazı hazırlayıb verdim "Baku" qəzetinə. Qəzetin o nömrəsi özümdə qalmayıb, tək məqalənin adı yadımdadı: "Yubiley, aktyor və Dante"."

Xəfiflik və fəhm

Aktyorların həyatından bəhs edən bir çox əsərlər, filmlər var. Təbii ki, hər biri öz mühitinin məhsulu olaraq fərqli özəlliklərə malikdir. Teatr və kino aləmi ilə sıx yaradıcı əlaqədə olan Anar povestini filmə çevirərkən Eldar roluna Vaqif Həsənovu (İbrahimoğlunu), onun dostu Aydın roluna isə Bəxtiyar Xanızadəni seçməklə fəhminin başqa bir tərəfini də isbat etmiş oldu - Vaqif İbrahimoğlu 1989-cu ildə "YUĞ" Teatrını, Bəxtiyar Xanızadə isə 1994-cü ildə Pantomim Teatrını yaratdılar. Bu məqamda teatrla az da olsa maraqlanmaq kifayətdir ki, əlavə şərhə ehtiyac olmasın...

"Dantenin yubileyi" həm sırf azərbaycanlısayaq ədəbi və ekran əsəridir, həm də dünyəvidir. Və burda növbəti dəfə xəfiflik məsələsini vurğulamaya bilmirəm - hər hansı ədəbiyyat və ya incəsənət nümunəsinə dönə-dönə baxımlılıq bəxti verən onun məhz və yalnız xəfiflik üstündə köklənməsi, plakatçılıqdan, şüarçılıqdan mümkün qədər daha çox uzaq olmasıdır. Buna görə biz Kəbirlinskini teatrımızda və kinomuzda kifayət qədər olan istedadsız oyunçularla eyniləşdirmirik, bu obrazı satirik personaj kimi qəbul etmirik. Çünki Feyzulla Kəbirlinski birtərəfli təqdim edilmir, ilk baxışda nəzərə çarpmayan cəhətləri ilə birlikdə göstərilir. Bu cəhətlər, Kəbirlinskinin teatr sənətinə və teatr xadimlərinə münasibəti incələnməsəydi, onun illər uzunu bu çevrədə olması sadəcə, vaxtilə teatr bumunun səbəbində bu sənəti seçməsi ilə bəsitləşəcəkdi. Və şübhəsiz ki, obrazın mahiyyətinin açılmasında Həsənağa Turabovun, heç bir mübaliğəsiz aktyorlar aktyorunun ifa tərzi əvəzsiz əhəmiyyətə malikdir.

Samirə Behbudqızı
Milli.Az