24-cü Azərbaycan Beynəlxalq İnşaat Sərgisi

19 Sentyabr 2018 15:15

23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində inşaat, layihələndirmə və memarlıq sahəsinin ən mötəbər tədbirlərindən biri - 24-cü Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild Azerbaijan 2018" sərgisi keçiriləcək.

"BakuBuild Azerbaijan" sərgisi ən tələb olunan və ziyarət edilən tədbirlərdən biridir. Artıq uzun illərdir ki, sərgi bu sahənin peşəkarlarını öz platformasında bir araya gətirir və burada ən son yeniliklər nümayiş olunur. "BakuBuild Azerbaijan 2018" sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və ilk dəfə olaraq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun tərəfdaşı Böyük Britaniyanın "ITE Group" şirkəti çıxış edir.

Bu il dünyanın 20-dən yuxarı ölkəsindən 250-dən çox şirkət Bakı şəhərində keçirilən, məhsul və texnologiyaların nümayiş olunduğu və yayıldığı əsas qovşaq sayılan bu sərgidə iştirak edəcək. İştirakçılar arasında Azərbaycan, Danimarka, Yunanıstan, Kanada, Çin, Türkiyə, Ukrayna, Finlandiya, Rusiya, Sloveniya, ABŞ və digər ölkələri təmsil edən şirkətlər yer alır. "BakuBuild Azerbaijan" sərgisinin xüsusi cəhətlərindən biri də kollektiv milli stendlərin fəal iştirakıdır. Bu il Almaniya, İran, İtaliya, BƏƏ və Polşa kimi ölkələr milli qruplar ilə təmsil olunacaq. Yerli inşaat şirkətləri "BakuBuild Azerbaijan" sərgisində daim fəal iştirak edir, çünki bu tədbir Azərbaycan şirkətlərinin öz imkanlarını beynəlxalq səviyyədə nümayiş etdirmələri üçün mükəmməl fürsətdir. Həmçinin bu il öz məhsullarını "Made in Azerbaijan" brendi altında təqdim edən yerli şirkətlər də tədbirdə iştirak edirlər. "BakuBuild Azerbaijan 2018" sərgisinin qeydiyyat sponsoru qismində sərginin daimi iştirakçısı - "Corella" markasını təqdim edən "NB Group" şirkəti çıxış edir. Sərgi hər il bu tədbir sayəsində ən qısa yoldan istifadə edərək yerli bazarı öyrənmək və onun tərkib hissəsi olmaq istəyən yeni iştirakçıların diqqətini cəlb edir, çünki "Xəzər İnşaat Həftəsində" bütün sənaye sahəsi bir arada toplanır.

Bu il sərgi tikinti materialları, döşəmə örtükləri, keramika, üzlük daşlar, mərmər, qapı və pəncərələr, eləcə də interyer məmulatlarının geniş çeşidini əhatə edəcək. Lak-boya sektoru həm yerli, həm də xarici şirkətlər tərəfindən lazımı səviyyədə təmsil olunacaq. Sərgidə otaqlararası və giriş qapılarının, eləcə də bağ evləri və ofis binaları üçün metal və avtomatik qapıların geniş çeşidi ilə nümayiş  etdiriləcək. Ənənəvi olaraq, dam materialları və taxta məmulatları da tədbirdə geniş şəkildə sərgilənəcək. Builki yeniliklər arasında innovativ qarışıqlar, beton, cilalama maşınları, beton paya və plitələr hazırlamaq üçün yüksək texnoloji dəzgahlar və bir sıra digər məhsullar yer alır.

"BakuBuild Azerbaijan" sərgisinin keçiriləcəyi günlərdə eksponentlər üçün "B2B" formatlı görüşlər təşkil olunacaq. Həmçinin şirkətlərin yeni məhsullarını vitrinlərdə təqdim edən xüsusi səhnə "BakuBuild Azerbaijan" sərgisinin iştirakçıları üçün yenilik olacaq. Burada  şirkətlərin təmsilçiləri yeni məhsullar haqqında məlumat verərək onları təcrübədə nümayiş etdirəcəklər. "BakuBuild Azerbaijan" sərgisinin təşkilatçıları tərəfindən təqdim edilən daha bir yenilik isə loyallıq proqramı olacaq. Bu proqram ziyarətçilərə təmsil olunan şirkətlərdən məhsul və ya xidmətləri xüsusi endirimlə satın almağa imkanı verəcək. Eyni zamanda, "BakuBuild Azerbaijan" sərgisində təmir və lak-boya məhsullarının təcrübədə nümayiş olunacağı mini-emalatxana təşkil ediləcək.

"BakuBuild Azerbaijan" sərgisi ilə eyni platformada Azərbaycan və Rusiyanı təmsil edən mebel şirkətlərinin iştirakı ilə Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi "Caspian MebelExpo 2018" sərgisi keçiriləcək.

"BakuBuild Azerbaijan" sərgisi özü ilə yeni texnologiyalar, eləcə də yeni əlaqələr və tərəfdaşlıqlar gətirməklə yanaşı, ölkənin inşaat sektorunun inkişafını daha da stimullaşdıracaqdır. Sərgi haqqında ətraflı məlumat və elektron dəvətnamə rəsmi saytda yerləşdirilibdir: www.bakubuild.az.