Ağsaqqalın yas məsləhəti
22 Aprel 2010 09:47
Yas mağarının ən yuxarısında özünə yer eləmiş mollanın yanında sərələnib oturan ağsaqqal, məclisdə olanları diqqətlə gözdən keçirir. Kim nə yeyir, kim nə içir, hamısına ciddi-cəhdlə göz qoymağa çalışır. Şişirtmək çıxmasın, sanki bozbaş yeyənlərin boşqabındakı noxudları da bir-bir sayır. Amma tələsmə, hələ məclisə yemək gəlməyib. Elə indicə molla dua oxuyacaq, ardınca da məclis təamlarla bir dolacaq ki, gəl görəsən. Baxma ki yas yeridi, məсlisdə stolun üstünə hətta siqaret də qoyublar. Budur, molla duanı oxudu qutardı. Yas stollarının üstü yavaş-yavaş dolmağa başlayır. Çəngəl-qaşığın çaqqaçaqı qulaq aparır. Yasdakı adamları tanımasam, deyərdim sən öl bunların hamısı qırx ilin aclarıdır. Elə biri yanımda oturmuş birisi. İlahi, adamda da bu boyda qarın olar? Bu kişi nəylə doldurur o qarnı? Elə bil zalım balasının qarnında qlobus var, məəttəl qalırsan ki, qlobusu necə udub? Daha doğrusu boğazından necə keçib? Mən hələ belə qarın görməmişdim. Yox, lənət şeytana, görmüşdüm. Qonşumuzun gəlini Şərəfnaz əkiz oğlanlarına, qarabağlılar demişkən, boylu olanda onun da qarnı beləydi. Fikir verirəm, bu qarın, bayaqdan 3 stəkan dovğa istəyib yemək gətirən oğlandan. Dostu olan mərhumun oğlundan utanmasaydı araq da sifariş verərdi, nədə olmasa o qədər yemək içkisiz getmir axı... Baxmayaraq ki, bir bulud yeməyi artıq həzm eləyib də. Plov, dovğa, bozbaş, pendir, lavaş, pomidor-xiyar, turşular, göy-göyərti, mer-meyvə, halva, şirniyyat, xurma, limon, çərəz, meyvə şirələri, qazlı-qazsız sular... Bunlar masada olan nemətlərin hələ hamısı deyil, bunlar qarınlının qarnına və gözünə təpdikləridir.
Yas masası arxasında oturanlar da ondan geri qalmırdı, bir anlıq elə təsəvvür etdim ki, başsağlığına gələnlər yemək uğrunda yarışa giriblər və Ginnesin "Rekordlar" kitabına düşmək üçün ölüm-dirim mübarizəsi gedir. Yəqin, mərhumun ruhu şad olsun deyə hamı özünə əl qatıb qarnını-mədəsini fəda edir bu yolda, nə bilim, bəlkə də...
Elə bu handa, gözüm bayaq haqqında dediyim mollanın yanında oturan o ağsaqqala sataşdı. İnandığımız haqqı, ağsaqqal qarınlıya elə baxırdı ki, elə bir qarınlı kişi ağsaqqalın payını yeyir. Camaat da başını aşağı salıb öz işindədir, necə deyərlər, kəmərlərinin altını "yüngülvari" bərkitməklə meşğuldur. Qarınlı da ki, elə bil hamının payını yemək tapşırığı alıb, öz qabağındakıları üyüdəndən sonra başqalarının yeməyini də gözlərilə yeyirdi...
- "Ay oğul", - qarınlıya tərəf baxaraq, ağsaqqal axır ki dilləndi - "bir nəfəs al görüm."
Qarınlının heç vecinə də deyil. Elə bir ucdan ötürür içəri yağlı tikələri. Hər tikədən sonra da bir dərin qurtum dovqa horuldadır.
- "Ay oğul, sənləyəm e, bir ara ver, gör nə deyirəm sənə?!"
- "Famil, deyəsən ağsaqqal sənlədi axı, gör nə deyir kişi?" - qarınlının solundakı kişi onu dümsükləyir.
- "Hə dayı, mənləsən?"
- "Oğul, deyirəm bəlkə biraz nəfəs alasan? Baxıram, bayaqdan 5 stəkan dovğa içmisən, iki boşqab plov yemisən, hələ üstündən bozbaş da yemək istəyirsən."
- "Dayı, ağsaqqal adamsan, mənim yediyim tikələri sayırsan bayaqdan? Camaat ehsan verir, yas yerindəyik, bir loxma çörək yeyib durub gedirik də. Niyə adamı dilxor edirsən, ağsaqqal kişisən, sənə yaraşır?"
- "Oğul, mən demirəm ki, yemə, deyirəm ki, az ye dəə. Həm sənin özünə ziyandı, sonra ağırlıq edəcək, həm də yas yiyəsinə çox ziyan düşməsin dəə. Onsuzda onlara da həddən artıq ziyan dəyib."
Qanı it qanına dönən, yediyi bütün tikələr qarmaq olub boğazına ilişən - qarnına ötürdüklərini çoxdan əridib artıq - bayaqdan qarınlı dediyim Famil, ağsaqqalın bu sözlərindən sonra durub yas mağarından çıxdı. Ağsaqqalın Familə bu iradı isə hamının çörəyini boğazında qoydu, sanki hamının iştahası xırrıt-xıpırrıt yerli dibli kəsildi. Heç elə bil ki, bayaqdan çaqqaçaqla boşqablara darış gələnlər bunlar deyildi. İndi hərə öz boşqabının dibində qalan tikəylə oynayır, yeyirmiş kimi edir.
Mağar stolunun lap axırında oturan orta yaşlı arıq kişi ağsaqqalın bu sözlərindən sonra əlinin dalıyla ağzının yağını silərək, dinməzcənə siqaret yandırdı. Bayaqdan fikir verirdim, bu arıq elə yeyirdi ki, elə bil zalım oğlunun qarnında başqa bir adam da var. Bu arıq cüssəsi ilə o qədər yeməyi hara yeyir, ağlım almır mənim. Məcsli adamları hamısı ağsaqqalın bu öyüdündən sonra sus-pus oldular. Elə bil, sən öləsən, bayaqdan xurmanı iki-iki, üç-üç içəri ötürən, dovqanı dovqa dalınca xoruldadan, stolların üstündəki siqaret qutularını ciblərinə basan heç bunlar deyil.
Nəysə, biz qayıdan qarınlı Familin yanına. Qanı qara şəkildə rəhmətliyin mağarın qarşısında diyanıb çay içən oğluna yaxınlaşan qarınlı Famil, sanki bayaqdan heç nə yeməyibmiş kimi oğula giley eləməyə başlayır.
- "Qaqa, Allah atana rəhmət eləsin, axır qəmin olsun. Sən Allah, o mollanın yanında oturan ağsaqqal kimdi elə? Kişi imkan vermədi bir tikə çörək yeyim. Elə əlimi atmışdım çörəyə, gördüm kişi başladı ki, az ye. Sən demə bayaqdan gözünü mənə dikibmiş, mənim əlimi çörəyə atacağım anı gözləyirmiş ki, danışsın. Nolar ə, adamda qarın olanda? Kişidə qarın olar dəə. İndi qarınlıyam deyə ağsaqqal elə bilir ki, elə mən yemək acıyam, görməmişəm. Özüdə, sən öl, bunu qəbrə qoyasan - əlini öz üzünə vurur - yeyib gəlmişdim".
- "Sağol Famil, Allah bütün ölənlərə rəhmət eləsin. Amma vallah, ay Famil, o ağsaqqal atamın üçündə də gəlmişdi bizim yasa, kimdisə tanımıram. Deyir yuxarıdan gəlmişəm. Mən də "yuxarı" adı çəkilir deyə, dinmirəm. Elə onu bilirəm ki, yas başlayandan, bitənə kimi oturur mollanın yanında, arada da bir sətakan çay içir. Onu da qəndsiz. Heç yemək zad da yemir, yazıq kişi. Birdə, çox yeyənlərə elə yüngülvari öyüd verir. Bizi də danlayır ki, bu qədər ner-nemət nədi, yığmısınız stolların üstünə? Bu cür israfçılıq eləməyin. Neçə dəfə başa salmaq istədim ki, ağsaqqal, rəhmətlik kişi 7 oğul yiyəsidi. İndi ona zəif ehsan vermək olmaz, adama nə deyərlər?! Başa düşmür, elə dirəşib ki, israfçılıq edirsiniz. Mən də ta heç nə demirəm."
- "Hmm, deyirsən "yuxarı"dan gəlib? Sən öl, mənim də içimə qorxu düşdü ee. Kimdən öyrənək ə, kim bilər görən o kişinin haradan gəldiyini, hansı idarənin işçisi olduğunu?"
- "Bilsə, bilsə, Kərim bilər, nə də olmasa jurnalist adamdı, onun başı çıxar bu tip işlərdən."
- "Kərim müəllim", - qarınlı mağardan çıxıb həyətdə oturmuş qoltuğu portfelli kişiyə yaxınlaşır - "siz bilərsiniz, bu mollanın yanında oturan ağsaqqal kimdi elə? Deyirlər "yuxarı"dan gəlib."
- "Hə Famil. Kim deyirsə düz deyir. Ağsaqqal "Xeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliği" ilə məşğuldur." - Kərim müəllim təzəcə yandırdığı siqaretdən bir qullab vurub, təmkinini pozmadan qarınlıya cavab verdi.
Qarınlının ağsaqqalın öyüdlərindən elədiyi şikayəti dinləyib, dildə ağsaqqalın israfçılıqla bağlı iradlarını qınayan yas sahibi, içdən-içə ağsaqqala haqq verirdi. Çünki bilirdi ki, yas məclisinin yola verilməsi üçün borc götürdüyü 10 min manatı ödəmək üçün xeyli əziyyət çəkməli olacaq. "Axı bu qədər xərcə, dəm-dəsgaha nə ehtiyac var. "Qonşudan qalma dala" bəhsə-bəhsi biz kasıbların lap belini qırır e"- deyirdi içdən-içə. Onsuzda 7 qardaş yığılıb 3 min manatı ancaq toplamışdılar. Onu da kişinin məzar xərclərinin həll edilməsinə xərclədilər.
Bu 7 qardaş birtəhər yası yola verdilər, yəqin ki, "el" də narazı qalmadı. Bircə ağsaqqaldan başqa. İndi də növbə borc götürülmüş 10 min manatı min-bir zillətlə işləyib geri qaytarmaqdadır.
Anar Gəraylı
Milli.Az