Maşın sürmək haramıza yaraşır?

21 Aprel 2010 09:46
Dindirir əsr bizi, dinməyiriz,
Açılan toplara diksinməyiriz.
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ aftomobil minməyiriz.
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!

Bütün günahlar səndədir Mirzə Ələkbər Sabir! Gül kimi düzənimizi pozub, başımızı yeni bəlaya saldın. Rahatca piyada gəzirdik və tapdasaq, ən pis halda bir-birimizin ayağını tapdardıq. Geydiyimiz də dəridən tikilmiş çarıq. Kimin ayağı incyirdi ki? Di gəl "Əcnəbi seyrə balonlarla çıxır" deyə-deyə günümüzü qara etdin. Sanki hansısa avtomobil şirkəti ilə gizli reklam sazişi imzalamışdın. Bəlkə də özün avtomobilə minməmişdin, avtoşlarla qarşılaşmamışdın, üzərindən iri təkərli "cəng arabası" keçməmişdi deyə həvəslə "avtomobil-avtomobil" deyirdin. Amma sən yazandan sonra biz avtomobilə mindik və indi gəl günümüzü gör!

Şair! Əcnəbini yaxşı tanıyırdın. Elə bizi də. Ona görə əcnəbi havada uçduğu halda, bizim çarıqla gəzməyimizdən gileylənirdin. Anlayıram. Amma sən bizi hələ yaxşı tanımamısan. Ağlına gəlməyib ki, avtomobilə mindikdən sonra hansı oyunlardan çıxa bilərik. Məsələn sən görsəydin ki, saatda 200 km sürətlə gələn avtomobil eyni sürətlə tələbələrlə qaynaşan universitetin qabağından necə keçir, inan "avtomobil-avtomobil" deməzdin. Əgər durduğun yerdə qulağının dibində dinozavr səsinə bənzəyən farsaj uğuldasaydı və ürəyinin ağrısından bir gün özünə gələ bilməsəydin, əyilib çarıqlarımızdan öpərdin.

Səni qınamıram, Mirzə! Dahi şairsən, amma uzaqgörən deyilsən. Uzaqgörən olsaydın, bizim ayağımızı torpaqdan yuxarı bir santimetr belə qalxmağa qoymazdın. Çünki ayağımız torpaqda olanda, güc ayağımıza düşür və ayağımızı əzməməyin dərdindən hər addımımıza diqqət yetiririk. Amma elə ki, ayağımızın altında özü hərəkət edən bir cihaz gördük, o zaman qabağımızda dayan görüm necə dayanırsan. İndi gəl VAZ 2107-ləri yerində 4-5 dövrə fırlatmalarımızı, iki təkər üstə qaldırmalarımızı, 180-lə gəlib piyadaların bir milli metrliyində "ruçnoy" çəkmələrimizi, əcnəbi markalı avtomobillərin başına it oyunu açmalarımızı, şəhərin münasib küçələrində qazı döşəməyə dirəyib yarışa girmələrimizi gör.

Yazırsan ki, "Açılan toplara diksinməyirik". Niyə paxıllığın tuturdu ki? Başınız sakit, qulağınız dinc idi. Nə cürbəcür heyvan səsinə bənzəyən siqnallar vardı, nə də 500 metrdən qulaqları kar edən avtomaqnitofonlar. İndi biz səksəncəm olmuşuq və hər şıqqıltıdan diksinirik. İşinin tələsik yerində avtotıxaclara düşsəydin, hər tıxacda nə az nə çox 1 saat bığlarını çeynəsəydin, sanki yol genişlənəcəkmiş kimi ağız-ağıza verən siqnallardan kar olsaydın, başlarını pəncərədən çıxarıb bir-birinin nəsil-nəcabətini yağlayan sürücülərin pörtmüş sifətlərini görsəydin, nəhayət kiminsə dözməyib səkidəki insanların üzərindən sürdüyünü müşahidə etsəydin, neyləyərdin? Kağız-qələmi bir kənara qoyar, əsəbləri sakit olan həmyerlilərini ağuşuna basar, eşitdiyin top səslərini isə ana laylası kimi qəbul edərdin.

Yəqin ki, nəqliyyat vasitəsi kimi ayaqlarından istifadə etmisən, bəzən də faytona müraciət etmisən. Ona görə belə həvəslisən avtomibillərə. Səni gətirib bircə gün indiki Bakıda saxlamaq, səhərdən axşamadək marşurutlarla ora-bura göndərmək lazım idi ki, zəmanənin və ayaqlarının qədrini biləsən. Mikro və makro avtobuslarda ayaq üstə dayanmağa yer tapsaydın, sürücülərin kartof daşıyırmış kimi əyləclə oynamasından böyrəklərin düşməsəydi, qəfil təkanlardan qarşıdakı sərnişinlə kəllələşməsəydin və əndamlı bir xanımın dümsüyü ilə böyrünə vurub "korsanmı, belimə niyə çıxırsan?" təhqirindən üzün qızarmasaydı gəlib mənim üzümü qızardardın. Amma əmin ol ki, qulağında telefon, damağında siqaret olan sürücünün avtobusu dəlitərsinə idarə etməsini gördükdən, sərnişinlərin narazılığı qarşısında avtobusu saxlayıb kiminləsə əlbəyaxa olmasını və "sürmürəm, düşün piyada gedin" deməsini eşitdikdən sonra sakitcə qayıdardın öz dövrünə.

Ey satira ustası! İndi gördün ki, hamısından yaxşısı elə avtomobilsiz həyatmış? İndi gördün ki, bizim dərdimiz səninkindən daha böyükdür? Yəqin sən ağlını vermisən əcnəbi avtomobillərə və əcnəbi sürücülərə. Bu, bizə görə deyil axı. Ya onların avtomobillərini tənzimləyən xüsusi cihazlar var, ya da beyinlərini. Biz hələlik həmin sirri çözə bilməmişik. Yüz ildir sən axtarışdasan, 10-15 ildir biz, amma yenə də əcnəbinin sirrindən agah ola bilmirik. Məsələn mənə maraqlıdır ki, bir avropalı sürücü gün ərzində bir dəfə siqnal vermədən necə yaşayır. Bizim ürəyimiz partlayar, inan. Hansı azərbaycanlıya "qardaş, sən Allah bircə saat siqnal vermədən şəhərdə dolaş" desən, səni tutub təpiyin altına salar. Yaxud xahiş etsən ki, növbəti tıxacda başqa avtomobilin yerinə soxulma, sənin üstündən yarıb keçər.

Hələ sənə ayağı əyləcə çatan həmdövranlarımdan danışdım. Bizim piyadaları görsən, "Dindirir əsr bizi, dinməyiriz" yazmazdın. Çünki ağzını açarkən bir-birilərinə "gül" saçanları, ictimai yerlərdə və nəqliyyat vasitələrində söyüşməyi özlərinə peşə seçənləri, təbəssümlə ünsiyyət yaratmağı "padlo" sayanları və günlərlə kimdənsə bircə yanlış kəlmə gözləyib, əvəzində təhqir ensiklopediyasını vərəqləyənləri görməmisən. Gəl sənə iki gün əvvəl müşahidə etdiyim bir hadisəni danışım, sonda özün nəticə çıxararsan ki, sənin ayağı çarıqlılarınmı yaxşı idi, yoxsa bizim "Pierre Cardin" geyənlərimizmi?

"Axundov bağı"nın yanından 218 N-li marşurutla "Elmlər Akademiyası" metrostansiyası tərəfə gəlirdim. Avtobusda basabasdan nəfəs almaq olmurdu. Kimin əli tutacaqlara çatırdısa, xoşbəxt idi, qalanlar birtəhər bir-birilərinin nəfəsini uda-uda, yıxıla-yıxıla gəlirdilər. Sürücü də camaatla zarafat edirmiş kimi, hər 3-4 dəqiqədən bir qəfil əyləci basır, əli boşda qalanlar bir-birinin qucağına yıxılır, qalxıb sürücünün var-yoxunu "tərifləyir" və yola davam edirdilər. Nəhayət "Elmlər Akademiyası" stansiyasının qarşısındakı işıqfora çatdıq. Yaşıl işıqdan istifadə edən sürücü tələsik yolun qarşı tərəfinə keçmək istəyirdi ki, içəridə hay-küy qopdu. Əvvəlcə heç nə anlamadım. Qadınların qışqırığı və qarğışı, cavan oğlanların söyüş və hədəsi bir-birinə qarışmışdı. Avtobus müvazinətini itirdi və yolun ortasında silkələnib dayandı. Ətrafda avtomobillərin hərəkəti qarışdı, söyüş mənası verən siqnalların səsi aləmi bürüdü və sürücümüzün xırıltılı səsini eşitdik: "Alə, burax yolu keçim, sonra söhbət edək".

Bilirsənmi nə olmuşdu, Şair? Avtobusun ani təkanından başı pəncərəyə dəyən orta yaşlı bir kişi əsəbləşmişdi. Nəticədə dayanacağa çatmağa təhəmmül etməyib, yolun ortasındaca sürücünün boğazından yapışıb boğmağa başlamışdı. İçəridəki 50-60 sərnişinin taleyi onun vecinə deyildi və nə olur-olsun intiqam almağa çalışırdı. Təbii ki, sürücü birtəhər avtobusu dayanacağa çatdırdı. Sonra da dayanacaqda hansı həngamələr yaşandı, onu demirəm. Çünki onu da desəm, sənin bizə lap yazığın gələr. Bəlkə də nifrət edərsən. Ona görə də nə sən soruşmuş ol, nə mən söyləmiş olum. Hətta bu danışdıqlarımı da başqalarına söyləmə. İkimizin arasında qalsın. Nə də olsa, bu millətin övladıyıq, ayıbımız çölə çıxmasın.

Nihat Tur
Milli.Az