Fələstin blokadanı yarmaq istəyir: "alov şarları" və 3 ölü - FOTO

15 Sentyabr 2018 11:04

Fələstinin Qəzza bölgəsi ilə İsrail arasındakı sərhəddə yenə qan tökülüb.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, davam edən "Qayıdış marşı" aksiyaları çərçivəsində 3 fələstinli təhlükəsizlik divarına yaxınlaşaraq İsrailin Müdafiə Ordusunun (SAXAL) əsgərləri tərəfə əldəqayırma partladıcı qurğu atıblar.

İsrailli əsgərlər dərhal atəş açıblar. Atəş nəticəsində həmin 3 fələstinli həlak olub.

Daha sonra fələstinlilər içinə helium qazı doldurulmuş şarlara partladıcı qurğular bağlayaraq İsrail ərazisinə buraxıblar.

"Alov şarları" Sdot Neqev və Eşkol ərazilərinə düşüb. Tələfat və dağıntı olmayıb.

Daha sonra Qəzza ilə İsrailin sərhədinə təqribən 13 min fələstinli ərəb yığışıblar. Bu dəfə onların "Qayıdış marşı"nın şüarı "Seçimimiz müqavimətdir" idi.

Aksiya iştirakçıları avtomobil şinləri yandırıb, İsrail hərbçilərinə daşlar və "Molotov kokteylləri" atıblar.

Qəzzanın cənubunda 9 fələstinli hasarı aşaraq İsrail ərazisinə keçsələr də, dərhal geri qayıdıblar.

Qəzzanın Səhiyyə Nazirliyinin yaydığı məlumatlara görə, həlak olanların ikisinin 21, birinin 12 yaşı var.

Fələstindəki HƏMAS hərəkatı, "İslam Cihadı" və "Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi" qruplaşmaları Qəzzanın blokadasının nəyin bahasına olursa-olsun, yarılmasına qərar veriblər.

Milli.Az