İslam İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına 1,2 milyard dollara yaxın investisiya yatırıb

14 Sentyabr 2018 21:24

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Zamir İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə Ş.Mustafayev Azərbaycanın İslam İnkişaf Bankı və İİB Qrupuna daxil olan institutlar ilə əməkdaşlığa önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd olunub ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 40-dan çox layihə çərçivəsində 1,2 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb və bu layihələr kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı, ekologiya, ticarət, özəl sektor və s. sahələri əhatə edir. Nazir Azərbaycanın İslam İnkişaf Bankı ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, Bankın Azərbaycanda özəl sektora investisiya yatırılması, müəssisələrin birbaşa maliyyələşdirilməsi, səhm kapitalında iştirak kimi sahələrdə fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini, eləcə də kənd təsərrüfatı, sənaye parkları və zonaları, maşın və avadanlıqların istehsalı, kimya sənayesi, əczaçılıq kimi prioritet sahələrdə investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarını vurğulayıb.

Z.İqbal ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. Z.İqbal İslam İnkişaf Bankının 500 milyon dollar nizamnamə kapitalı olan Elm, Texnologiyalar və İnnovasiyalar Fondu barədə məlumat verərək qeyd edib ki, Fond Banka üzv ölkələrdə elmin, texnologiyanın və innovasiyaların təşviqinə, startapların, kiçik və orta sahibkarlığın inkişafına dəstək verir. Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşən Z.İqbal qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini vurğulayıb.

Milli.Az