"Tokio-2020": BOK istilər səbəbindən Yaponiyaya yay vaxtına keçməyi məsləhət görür

14 Sentyabr 2018 23:05

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Olimpiya Oyunlarının təşkilatçılarının yarışların keçirilməsi dövründə Tokioda yay vaxtına keçmək ideyasını dəstəkləyib. Təşkilatçılar bu yolla idmançılara və tamaşaçılara isti yayın təsirini azaltmağı ümid edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, BOK-un Əlaqələndirmə Komissiyasının rəhbəri Con Kouts deyib: "Marafon və bu kimi tədbirlər səhər tezdən başlayacaq. Lakin günəş çox erkən çıxır. Yay vaxtına keçid ideyası yaxşı qərardır. Biz ölkədə olan vəziyyətə diqqət yetirəcəyik. İstinin iştirakçılara və tamaşaçılara mümkün təsirinin nəticələrini nəzərə almaq çox vacibdir".

2020-ci il Olimpiadası iyul-avqustda, Yaponiyada ilin ən isti aylarında keçiriləcək.

Qeyd edək ki, bu ilin yayında anomal istilər səbəbindən Yaponiyada təxminən 120 nəfər həyatını itirib.

Milli.Az