Hər 5 kişidən biri, hər 6 qadından biri - FƏLAKƏT PROOQNOZU - FOTO

14 Sentyabr 2018 14:44

Bu ilin sonunadək dünyada 18 milyon nəfərdə xərçəngin müxtəlif formaları aşkarlanacaq, təqribən 9,6 milyon insan xərçəngdən öləcək.

Milli.Az bildirir ki, Beynəlxalq Xərçəngin Tədqiqatı Agentliyinin (International Agency for Research on Cancer, İARC) son hesabatında belə deyilir.

185 ölkədəki statistika və 36 formada onkoloji xəstəliklə bağlı göstəricilər əsasında hazırlanmış hesabat "Cancer Journal for Clinicians" jurnalında dərc olunub.

ABŞ və Avropa mediasında "Fəlakət proqnozu" adlanan hesabatın müəllifi olan ekspertlərin fikrincə, dünyada hər 5 kişidən birində və hər 6 qadından birində xərçəng xəstəliyi aşkarlanacaq.

Bu xəstəlik dünyada hər 8 kişidən birinin və hər 11 qadından birinin ölümünə səbəb olacaq.

Hesabatda vurğulanır ki, xərçəngin ən təhlükəli forması ağciyər xərçəngi olaraq qalır. Dünyada hər il 1,8 milyon insan ağciyər xərçəngindən ölür.

Sonrakı yerləri yoğun bağırsaq, mədə və qaragiyər xəçrəngləri tutur.

İARC mütəxəssislərinin fikrincə, qadınların "qatil"i süd vəziləri xərçəngidir. Sözügedən xəstəlik hər il 627 min qadının ölümünə səbəb olur.

Boliviya və Paraqvayda isə qadınlar arasında ölüm səbəbləri arasında analıq yolu xərçəngi "lider" mövqe tutur.

Onkoloji xəstəliklərlə bağlı diaqnozların təxminən yarısı Asiya ölkələrinə düşür. Bu, planet əhalisinin 60 faizinin bu bölgədə yaşaması ilə bağlıdır.

Avropa ölkələrinin sakinləri Yer əhalisinin cəmi 9 faizini təşkil etsə də, onkoloji xəstəliklərin 23,4 faizi "qoca qitə"nin payına düşür.

Milli.Az