Azərbaycan – dağ yəhudilərinin vətəni

14 Sentyabr 2018 15:26

Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri cənab Ramin Həsənovla müsahibə

- Zati-aliləri, bizimlə Cənubi Qafqaz mövzusunda müsahibəyə razılıq verdiyiniz üçün çox şadıq. Azərbaycanda yəhudiliyin dərin izlərindən çoxları xəbərsizdir. Azərbaycandakı yəhudi icmasının hazırkı durumunu necə qiymətləndirərdiniz?

- Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadığı məkan olub. İlk yəhudilər Azərbaycanda hələ xristianlıq yaranmazdan əvvəl məskunlaşmışdı. Onlar yeni, tolerant və multikultural dəyərlərin başlıca rol oynadığı vətənlərində yad kimi qəbul olunmurdular. Həmin insanlar ölkəmizin tarixinin formalaşmasında və ictimai həyatında da yaxından iştirak edib. Məsələn, yəhudilər Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində və Nazirlər Kabinetində (1918-1920) təmsil olunurdular. Yevsey Gindes Cümhuriyyət dövründə ölkənin səhiyyə naziri idi.

Bu gün Azərbaycanda təxminən 47 min yəhudi yaşayır. Onların əksəriyyəti, daha dəqiq desək 37 min nəfəri əsasən, Bakı və  Qubada yaşayan dağ yəhudiləridir. Yəhudilər Azərbaycanın sosial, siyasi və mədəni həyatına yaxşı inteqrasiya olunub. Azərbaycanda onların övladlarının təhsil ala bilməsi üçün 5 məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 1500 şagird təhsil alır. Eyni zamanda, yəhudi uşaqları üçün 2 uşaq bağçası da fəaliyyətdədir. Ölkəmizdə 7 aktiv sinaqoq var. Onlardan biri 2003-cü, digəri 2012-ci ildə Azərbaycan hökumətinin hesabına tikilib. Əksər yəhudi vətəndaşlarımız müxtəlif assosiasiyalar və cəmiyyətlərin fəal üzvləridir və üzv olduqları həmin qurumlar daxilində müxtəlif tədbirlər təşkil etmə imkanlarına malikdirlər. Yəhudi icmasının özünün mətbu orqanı da var.

- Yəhudilərin müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədə təhlükəsiz şəraitdə yaşaması həqiqətən qeyri-adi uğurun göstəricisidir. Bu məqamın İsraillə ikitərəfli münasibətlərə hər hansı müsbət təsiri varmı? Azərbaycanla İsrail hansı sahələrdə əməkdaşlıq edir və gələcək üçün hansı sahələri prioritet sayırsınız?

- Vaxtilə Azərbaycanda yaşamış, sonradan İsrailə köçmüş yəhudilər (təxminən 70 min nəfər) bu gün iki ölkə arasında xüsusi körpü rolunu oynayır. Onlar ikitərəfli əlaqələri fəal şəkildə dəstəkləyir. Yeri gəlmişkən, İsrail dövləti Azərbaycanın müstəqilliyini (25 dekabr, 1991-ci il) tanımış və onunla diplomatik münasibətlər qurmuş (6 aprel, 1992-ci il) ilk dövlətlərdəndir. Son illərdə Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrin müsbətə doğru inkişafını görmək məmnunluq doğurur. İsrail Azərbaycanın aparıcı ticarət və investisiya tərəfdaşlarından biri olaraq qalır. İkitərəfli ticarətin həcmi müntəzəm olaraq artır. Bu göstərici 2017-ci ildə təxminən 700 milyon dollar təşkil edirdi. Hazırda Azərbaycanda təxminən 40 İsrail şirkəti fəaliyyət göstərir. Xüsusilə, kənd təsərrüfatı və telekommunikasiya sahələrinə investisiya qoyan bu şirkətlər Azərbaycan iqtisadiyyatının şaxələnməsində böyük rol oynayır. Azərbaycan İsraildən əsasən, sənaye malları idxal edir. Üstəlik, iqtisadi əməkdaşlıq sahəsində daha böyük potensial var. Azərbaycanda doğulmuş israillilər ölkəmizə gələn turistlər arasında önəmli çəkiyə malikdir. Əlbəttə ki, bu insanlar ölkəmizdə turizmin inkişafına da öz töhfələrini verəcək.

- İsrailin baş naziri Benyamin Netanyahu 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyevi ziyarət etmişdi. Həmin görüşün nəticələri haqda nə deyə bilərsiniz?

- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq mövcuddur. İsrailin baş naziri, cənab Benyamin Netanyahunun Azərbaycana səfəri, təbii ki, ikitərəfli münasibətlərimizə əhəmiyyətli təkan verib. Səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq üçün bir neçə saziş imzalanıb. Bundan əlavə, hökumətlərarası birgə komissiya yaradılıb. Bu komissiyaya Azərbaycan tərəfindən vergilər naziri, İsrail tərəfinindən isə ətraf mühit naziri başçılıq edir.

Parlamentlərimiz arasında da uğurlu əməkdaşlıq mövcuddur. Parlamentarilər birgə işçi qrupunda fəaliyyət göstərir. İki ölkə arasında yüksək səviyyəli nümayəndə heyətlərinin müntəzəm mübadiləsi baş tutur. Ölkələrimiz arasında sıx siyasi dialoq qurulub. Azərbaycanın prezidenti cənab İlham Əliyev və İsrailin baş naziri Benyamin Netanyahu bu ilin yanvarında Davosda keçirilmiş Dünya İqtisadi Forumu çərçivəsində də görüşüblər.

- 19-cu əsrdən bəri Azərbaycanla Almaniya arasında sıx əlaqələr var. Ötən il tərəflər arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə, tərəfdaşlığın bir çox aspektlərinə həsr olunmuş simpozium keçirilib. Almaniya-Azərbaycan əlaqələrini daha da genişləndirmək üçün bu ilki prioritetləriniz nələrdir?

- Azərbaycan Almaniya və Avropa İttifaqı ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Ümumiyyətlə, Azərbaycan-Almaniya münasibətləri geniş spektri əhatə edir. Almaniyanın Azərbaycandakı imici əsasən müsbətdir. Almaniya da Azərbaycanın müstəqilliyini tanımış və onunla diplomatik əlaqələr qurmuş ilk ölkələrdəndir.

Bir çox yüksək səviyyəli səfərlər və görüşlər sayəsində ölkələrimiz arasında sıx siyasi dialoq davam edir. Azərbaycan Cənubi Qafqazda Almaniya və Avropa İttifaqının mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Ötən il ölkələrimiz arasındakı ticarətin həcmi Almaniya ilə Cənubi Qafqaz ölkələri arasındakı ümumi ticarətin təqribən 70% -ni təşkil edib. Azərbaycan Almaniyanın neft təchizatçıları arasında 7-ci yeri tutur. 2012-ci ilin payızında Almaniya-Azərbaycan Ticarət Palatası Bakıda bütün MDB regionunda açılmış ikinci palata olub. Hazırda Azərbaycanda Almaniyanın 150-yə yaxın şirkəti fəaliyyət göstərir.

Mədəni əlaqələrimizin təməlinisə şvab köçkünlərinin Azərbaycanda buraxdığı tarixi-mədəni irs təşkil edir. Bu miras bizim ümumi tariximizdir. 2017-ci ildə Azərbaycanda ilk alman koloniyalarının qurulmasının 200 illiyi Azərbaycan və Almaniyada müxtəlif tədbirlərlə təntənəli şəkildə qeyd olunub. Bu il də ölkələrarası əlaqələrə həsr olunmuş tədbirlər keçirilməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi ilə əlaqədar olaraq, builki tədbirlərin gündəliyində məhz bu mövzu üstünlük təşkil edir.

Təhsil və elm sahəsində də çox sıx əməkdaşlıq mövcuddur. Bunu münasibətlərimizin gələcəyi üçün yaxşı investisiya hesab etmək olar. Hazırda Almaniyada təxminən 1100 azərbaycanlı tələbə təhsil alır və bu, gələcək münasibətlərimiz üçün əlbəttə ki, körpü rolunu oynayacaq. Ayrı-ayrı Azərbaycan və Almaniya akademik institutları arasında əməkdaşlıq qurulub. Bu yaxınlarda Bakıda Höte Mərkəzinin rəsmi açılışı olub. Höte-Institutun bu nümayəndəliyi, uzun illərdir Azərbaycanda fəaliyyət göstərən Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə birgə Almaniya-Azərbaycan mədəni əlaqələrinə mühüm töhfə verəcək.

- Azərbaycan həm də təbii qaz və xam neft tədarükündə Avropanın mühüm tərəfdaşıdır. "Cənub Qaz Dəhlizi" layihələsinin gerçəkləşdirilməsi prosesi nə yerdədir? İsrailin də iştirakı planlaşdırılan "Şərqi Aralıq dənizi boru kəməri"ni rəqabət gözləyirmi?

- Bildiyiniz kimi, Azərbaycan Xəzər dənizində neft və qaz ehtiyatlarını beynəlxalq bazara çıxaran ilk ölkədir. Azərbaycan və dünyanın qabaqcıl enerji şirkətləri arasında imzalanmış "Əsrin müqaviləsi" bu prosesdə dönüş nöqtəsi olub.

Əsası ölkəmizin ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu enerji strategiyası Azərbaycanı regionda aparıcı iqtisadi qüvvəyə çevirib və güclü beynəlxalq əməkdaşlığa öz töhfəsini verib. Bu strategiyanın mühüm tərkib hissəsi isə təchizat marşrutlarının şaxələndirilməsidir. Azərbaycan regionumuzda enerji və nəqliyyat infrastrukturunun inkişafında, genişləndirilməsində əsas rol oynayır.

Azərbaycanın təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri Xəzərin enerji resurslarının Qərbə çatdırılması üçün ən böyük boru kəmərləridir. Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsində də lider dövlətdir. Layihə 4 komponentdən ibarətdir: Transanadolu Qaz Boru Kəməri, Transxəzər Qaz Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və "Şahdəniz" qaz yatağı.

İsraildə təbii qaz yataqlarının aşkar edilməsi bu ölkənin təbii qazı ilə dünya bazarlarına çıxmasına imkan verir. Əlbəttə, ölkə mövcud və planlaşdırılmış nəqliyyat variantları arasında seçim edə bilər. "Cənub Qaz Dəhlizi"nin əsas məqsədi Azərbaycan təbii qazını Avropaya tədarük etməkdir. Amma o, İsrail kimi digər gələcək qaz təchizatçıları tərəfindən də istifadə oluna bilər. Bu səbəbdən "Cənub Qaz Dəhlizi" digər enerji layihələrilə rəqabət aparmır, əksinə, nəql variantlarının şaxələndirilməsində təchizatçılara kömək edir.

- Sonda Azərbaycanın geosiyasi mövqeyi haqda danışmaq istərdim. Yaxın Şərqdəki münaqişələrin siyahısı çöx uzundur və Suriya probleminin həlli istiqamətində demək olar ki, heç bir iş getmir. Bölgədəki münaqişələrin həll edilməsində Azərbaycan hansı strategiyanı yürüdür?

- Azərbaycanın ərazisinin 20% -i hərbi yolla qonşu Ermənistan tərəfindən işğal edilib. Nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Onların təminata ehtiyacı var. Suriyada baş verən fəlakətdən dolayı təəssüf hissi duyuruq. Azərbaycan Suriyanın ərazi bütövlüyünü və münaqişənin Birləşmiş Millətlər Təşkilatının himayəsilə sülh yolu ilə həllini dəstəkləyir. Biz problemlərin tez bir zamanda həllini tapacağına ümid edirik. Suriya münaqişəsində sülhə nail olmaq üçün atəşkəs razılaşması böyük əhəmiyyət daşıyır. Bu kontekstdə xüsusi qeyd etmək lazımdır ki, Ermənistan Suriyadan erməni qaçqınları Azərbaycanın işğal etdiyi ərazilərinə köçürmək üçün yaranmış vəziyyətdən istifadə edir. Bu isə beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.

Worldmedia.az