Müğənnilərdən MTRŞ-ə müraciət: verilişlərə nəzarət olunsun

14 Sentyabr 2018 15:35

Ötən gün müğənni Nura Surinin verilişlər və aparıcılarla bağlı yazdığı "Facebook" statusu rezonans doğurub.

Milli.Az oxu.az-a istinadən  xəbər verir ki, ifaçı ikinci dəfə bununla bağlı paylaşım edib.

"Bu reytinqi nəyə əsasən təyin edirlər? Kim edir? Necə olur ki, dünən yazdığım statusa bu qədər adam şərh yazır və hamı dəstəkləyir. Deməli, hamı efirlərdəki vəziyyətdən narazıdır. MTRŞ-ə bir çox müğənnilərin adından müraciət edərək xahiş edirik ki, bu barədə ölçü götürülsün və müvafiq qaydalar tətbiq olunsun. Milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olunsun", - deyə paylaşım edən Nuraya sənət dostları da dəstək çıxıb.

Onlar Milli Televiziya və Radio Şurasına müraicət edərək mənəviyyatı korlayan proqramların televiziyalardan yığışdırılmasını və onlara nəzarət olunmalarını istəyiblər.

Əməkdar artist Lalə Məmmədova "Nə təhsilləri var, nə tərbiyələri, nə musiqi anlayışları, nə də dünya görüşləri. Ancaq millətə əxlaq, mənəviyyat dərsi keçirlər. Vay halımıza ki, bizi layiqsizlər təmsil edir. Müvafiq qurumların bunu görməzdən gəlməsi mənəviyyatımıza ən böyük zərbədir", - deyə "Instagram"da yazaraq Nuraya dəstək olub.

Müğənnilər Günay İbrahimli, Elnarə Xəlilova, Səidə Sultan, Nadir Qafarzadə, Kərim Abasov, Elvin Abdullayev də sosial media hesablarında Surini dəstəkləyərək bəzi proqramların efirlərdən yığışdırılmasını istəyiblər.

Qeyd edək ki, müğənnilər bundan öncə də radiolara nəzarət edilməsi barədə MTRŞ-ə müraciət etmişdi.

Milli.Az