Xəzərin çirkləndirilməsi ilə bağlı bir neçə qurumda pozuntu aşkarladı

14 Sentyabr 2018 14:14

Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması və gəmilərdən çirkləndirmənin qarşısının alınması istiqamətində nəzarətin gücləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən reydlərin keçirilməsinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologia və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizə Departamenti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda gəmiçilik təsərrüfatı ilə məşğul olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətində, "Xəzər Dəniz Neft Donanma" İdarəsində, "Dəniz Nəqliyyat Donanma" İdarəsində və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Təlim Tədris Mərkəzində "Ətraf mühitin mühafizəsi haqqında", "Su məcəlləsi haqqında", "İstehsalat və məişət tullantıları haqqında" qanunların və digər qəbul olunmuş normativ hüquqi aktların tələblərinin icra vəziyyəti araşdırılıb: "Aparılmış araşdırmalar zamanı adı çəkilən hər bir müəssisədə bu və ya digər qanuna riayət edilmədiyi faktları aşkar edilib və protokollar tərtib edilərək cərimələr tətbiq olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan müddətli "məcburi göstərişlər" verilib. Bu istiqamətdə reydlər davam etdirilir".

Milli.Az