ABŞ Dövlət Deparatmenti qalmaqallı hesabatda dəyişiklik etdi
3 Aprel 2010 14:41
Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu bildirib. Onun sözlərinə görə, Azərbaycanda tələbə-narkomanların statistikası ilə bağlı maddə sənəddən çıxarılıb. Lakin hesabatın ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş variantında hələ də düzəliş edilməyib.
Qeyd edək ki, martın 2-də açıqlanmış "Narkotiklərə nəzarətin strategiyası" hesabatında Azərbaycanda təxminən 300 min narokmanın olduğu iddia olunurdu. Bundan başqa, sənəddə bildirilirdi ki, narkoman azərbaycanlıların 30-35 faizini tələbələr təşkil edir. ABŞ Dövlət Departamentinin məlumatına görə, narkomanların böyük əksəriyyəti heroindən asılıdır.
Dövlət Departamentinin hesabatı Azərbaycanda ciddi narazılıqla qarşılanmışdı. Xüsusilə, tələbələr "Narkotiklərə nəzarətin strategiyası"ndakı məlumatların həqiqətə uyğun olmadığını bildirirdi. Çünki Azərbaycanda cəmi 140 minə yaxın tələbə var. Əgər hesabata inansaq, o zaman belə çıxır ki, onların təxminən 100 min nəfəri narkomandır...
ABŞ-ın Azərbaycandakı səfirliyi isə etirazlar qarşısında üzr istədi. Səfirliyin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson etiraf etdi ki, "Narkotiklərə nəzarətin strategiyası" hesabatı hazırlanarkən səhvə yol verilib.
Milli.Az