Libermanın səfərində sirr pərdəsi: İsrailli nazir Gürcüstan və Azərbaycanda nədən danışıb?

13 Sentyabr 2018 23:32

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq bildirilib, Aviqdor Libermanın ölkəmizə səfərinin əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunub.

İsrailli nazirin Azərbaycandakı danışıqları yəqin ki, hərbi-texniki əməkdaşlığın müxtəlif aspektlərinə həsr olunub. Bunu isə israilli jurnalist Mixael Borodkin bildirib.

İsrailin müdafiə naziri Aviqdor Liberman Gürcüstan və Azərbaycana sentyabr səfərində hər iki ölkənin prezidenti, eləcə də müdafiə naziri və təhlükəsizlik xidmətlərinin rəhbərləri ilə görüşüb. Borodkinin sözlərinə görə, hər iki ölkə uzun müddətdir ki, hərbi sahədə sıx əlaqə saxlayır. Və inandırıcıdır ki, bu görüşlərdə əlaqələrin daha da inkişaf etdirilməsi, yeni müqavilər və s. müzakirə edilib. Eyni zamanda terrorizmlə mübarizə kimi problemlərə də toxunulub.

"Mən əminəm ki, Libermanın danışıqlarında İran mövzusunda mümkün ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub" - deyə həmsöhbətimiz bildirib.

Gürcüstana gəlincə, Borodkin deyib ki, Liberman müdafiə naziri kimi ilk dəfədir ora gedib. Bu səfəri cavab səfəri kimi qiymətləndirmək olar. Çünki bu ilin mayında Gürcüstanın müdafiə naziri Levon İzoriya İsraili ziyarət edib.

Jurnalist xatırladıb ki, İzoriya səfərinin yekunları ilə bağlı danışarkən İsraillə əməkdaşlığın yeni səviyyəyə çıxdığını deyib. Gürcüstan İsrailin ordu quruculuğu, eləcə də səfərbərlik və ehtiyatda olanlarla bağlı təcrübəsinə maraq göstərir.

"Böyük ehtimalla Libermanın Tbilisi səfəri o zaman əldə olunmuş razılaşmaları inkişaf etdirmək məqsədi daşıyıb" - Borodkin deyib.

Bütün bunlarla yanaşı, israilli jurnalist qeyd edib ki, Libermanın Cənubi Qafqaz səfəri ilk növbədə İsrail hərbi sistemlərinin hər iki ölkəyə tədarükü üçün yeni müqavilələrin imzalanması və bəzi birgə fəaliyyətlərin inkişafl ilə əlaqədardır.

Sputnik-in həmsöhbəti hesab edir ki, Gürcüstan və Azərbaycan səfəri zamanı Liberman İran təhlükəsi ilə bağlı da danışıqlar aparıb və bu məsələ ilə bağlı İsrailin mövqeyini hər iki respublikanın rəhbərliyinə çatdırmağa növbəti dəfə cəhd edib.

"Bütün bunlarla yanaşı, tamamilə mümkündür ki, terrorizmlə mübarizəyə dair informasiya mübadiləsi sahəsində də hansısa razılıq əldə edilib" - deyə israilli jurnalist fikrini tamamlayıb..

Milli.Az