Ürək ağrıları və yaranma səbəbləri

14 Sentyabr 2018 22:25

Son vaxtlar Azərbaycanda arterial təzyiqin yüksəlməsi ilə bağlı şikayətlər artıb. Təəssüf ki, bu xəstəlik həm də çox cavanlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) kliniki farmakologiya kafedrasının assistenti, tibb elmləri namizədi Arzu Bəydəmirova universitetin mətbuat xidmətinə məlumat verib.

A.Bəydəmirova qeyd edib ki, indi təzyiq yüksəlməsi hallarına hətta 25-40 yaşlı insanlarda da rast gəlinir. Həkim bu xəstəliyin vaxtında aşkarlanması və tədbirlər görülməsi üçün bəzi əlamətlərə diqqət yetirməyi məsləhət görür: "Əgər döş qəfəsində sol qola yayılan, davamlı ağrı varsa, ürəkbulanma və başgicəllənməsi ilə müşahidə edilirsə, bu, arterial təzyiqin yuxarı olması səbəbindən baş verə bilər. Belə olduqda ilkin təkmilləşmiş müayinəyə qədər ən azından nəbzin yoxlanılması vacibdir. Bəzən yuxarı təzyiq heç bir əlamət olmadan da davam edə bilər. Ona görə də ürək ağrıları zamanı, ilk növbədə, təzyiq ölçülməlidir.

Bəzən insanlar bu xəstəlik haqqında məlumatsız olduqlarına görə, əlamətlərə diqqət yetirmirlər. Məsələn, bu yaxınlarda 25 yaşlı bir xanım tez-tez əsəbləşmə ilə bağlı bizə müraciət edib. Müayinələrdən məlum oldu ki, xanımın təzyiqi 190/100-dür və onun həm böyrək, həm də kardioloji problemləri var. Onu da qeyd edim ki, xəstə həkimə müraciət edərkən son üç gündə vəziyyəti, yuxusu, qidalanması, dərman qəbulu və əsəb gərginliyi keçirib-keçirmədiyi barədə məlumat verməlidir".

Həkim bildirib ki, adətən arterial təzyiq həm də kardioloji problemlərlə müşayiət olunur: "Bizə müraciət edənlər arasında ürəkdaxili keçiricilik problemi, ritm pozuntuları olan xəstələrə də rast gəlinir. Havanın mütəmadi dəyişməsi, geomaqnit qasırğalar bəzi meteohəssas insanların səhhətinə daha tez təsir edir. Bunlar ən çox baş və kardioloji problemləri olanlardır. Belə xəstələrin mütləq həmin havada bayırda olmalarına ehtiyac varsa, bu zaman qəbul olunan təzyiq dərmanının dozası artırılmalıdır. Antiaqreqal-yəni, qan durulaşdıran preparatlardan istifadə mütləqdir ki, xəstə meteoroloji həssaslığı daha az hiss etsin. Bəzən ürəyi sıxılan, təzyiq problemi olan insanlar dərhal sakitləşdirici dərmanlar içirlər. Belə sedativ (sakitləşdirici) preparatlar müasir tibdə qida əlavəsi kimi qəbul olunur".

Həkim kardioloji problemi və ya meteoroloji həssaslığı olan insanlara bu kimi sakitləşdiriciləri tövsiyə etmədiyini bildirib: "Bu preparatların tərkibində təzyiq endirici maddə yoxdur. Onlar psixoloji problemi və əsəb gərginliyi olanlara kömək edə bilər.

Ümumiyyətlə, əsəb gərginliyi də bir çox digər xəstəliklərin göstəricisi ola bilər. Məsələn, ultrasəs müayinəsi zamanı çox vaxt qalxanabənzər vəzin böyüməsi, sərtləşməsi, düyünləri kimi problemlər aşkarlanır. Qanın müayinəsi zamanı qalxanabənzər vəzin statusunda bəzi dəyişikliklər aşkarlanır. Yəni, xəstələr adətən endokrin problemlərdən də xəbərsiz olurlar. İstənilən halda, insanları bütün əlamətlərə diqqətlə yanaşmalı və dərhal həkimə müraciət etməlidirlər".

Milli.Az