Baş nazirin müavini: "Türkiyə-Azərbaycan birliyini heç vaxt pozmaq mümkün olmayıb və bu gün də mümkün deyil"

13 Sentyabr 2018 13:15

"Rəcəb Tayyib Ərdoğanın Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçiriləcək tədbirə qatılması heç də təsadüfi deyil. Bununla dünyaya bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdiririk. Bu birlik sarsılmazdır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini Əli Əhmədov "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə birliyini pozmaq istəyən qüvvələr var: "Onlar müxtəlif dövrlərdə də bu birliyi pozmağa çalışıblar. Biz qürur hissi ilə deyə bilərik ki, heç vaxt bu birliyi pozmaq mümkün olmayıb və bu gün də mümkün deyil".

Ə.Əhmədov bildirib ki, Türkiyə-Azərbaycan birliyi çox möhkəm təməllər üzərində qurulub:

"Bu, bizə deməyə əsas verir ki, bu birliyi bundan sonra da pozmaq mümkün olmayacaq. Çünki bu birlik ötəri, təsadüfi mənafelər, münasibətlər üzərində deyil, möhkəm münasibətlər üzərində qurulub, keçmiş və gələcəyin birliyindən qaynaqlanır".

Baş nazirin müavini vurğulayıb ki, tarixi olmayan millət mövcud deyil: "Türk milləti - həm azərbaycanlılar, həm də türklər qürur duya bilərlər ki, bizim bu günə gəlib çıxmağımızı göstərən çox şərəfli tariximiz, tariximizin çox parlaq səhifələri var. Bu səhifələr bütövlükdə Türkiyə-Azərbaycan qardaşlığını ifadə edir. Bu birliyin parlaq səhifələrindən biri türk və Azərbaycan hərbi qüvvələrinin Bakının işğaldan azad edilməsi üçün göstərdikləri birgə fəaliyyətdir. Qardaşlarımızın ağır günümüzdə bizə köməyə gəlməsi, Bakı şəhərinin işğaldan azad edilməsinə yardım etməsi Türkiyə-Azərbaycan birliyinin ən parlaq nümunələrindən biridir".

Ə.Əhmədov deyib ki, yaşadığımız bugünkü tarix bizi qürurlandıran, gələcəyə daha aydın baxmağa vadar edən, səsləyən tarixdir:

"Dünya çox mürəkkəb dövrünü yaşamaqdadır. Bu mürəkkəb dövrün ən təlatümlü anlarını yaşayan millətlər var. Bu gün gələcəyin üzərinə çox ciddi şəkildə kölgə salan məqamlar da var. Təbii ki, Azərbaycan və Türkiyə olaraq, biz bu təlatümlü anların gələcəkdə bizə nələr gətirəcəyini düşünmək üçün doğru yoldayıq. Biz bu günlərdə daha çox bir-birimizin yanında olmalıyıq, bir-birimizlə çiyin-çiyinə verməliyik".

Milli.Az