"Sportinq" "Qarabağ"la oyuna görə 3 futbolçuya istirahət verib

12 Sentyabr 2018 18:56

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya "Sporting"i Liqa Kubokunda "Maritimo" ilə matçda bir neçə futbolçusunun xidmətindən istifadə etməyəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Joze Pezeyru həmin oyunçulara Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəkləri ilk tur qarşılaşmasında şans verəcək.

58 yaşlı mütəxəssis yarımmüdafiəçi Rodriqo Battalya, müdafiəçi Stefan Ristovski və Sebastyan Koatesi Ağdam təmsilçisi ilə oyuna hazırlayacaq. Bu isə heyətə düşməkdə çətinlik çəkən Brunu Qaşpar, Jeremi Matyö, Yosip Mişiç, Markus Vandel və Karluş Mane üçün fürsət ola bilər.

Portuqaliya Liqa Kubokunda keçiriləcək "Sportinq" - "Maritimo" matçı sentyabrın 16-sı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Sportinq" - "Qarabağ" oyunu isə bu matçdan 4 gün sonra eyni saatda start götürəcək.

Milli.Az