Məhəbbət Vəliyeva: "Rus bölmələrində bəzi siniflər ümumiyyətlə fəaliyyət göstərmir"

12 Sentyabr 2018 17:24

Son illərin təhlilləri göstərir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərdə orta və tam orta səviyyələr üzrə rus bölmələrində bəzi siniflər ümumiyyətlə fəaliyyət göstərmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BŞTİ-nin müdir vəzifəsini icra edən, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

M.Vəliyevanın sözlərinə görə, rus bölməsinin bəzi siniflərində isə şagird sayı azdır: "Bu sahədə kadr çatışmazlığı da əlavə problemlər yaradır. İlkin təhlillər bəzi məktəblərdə rus bölməsinin bütün siniflər üzrə davamlı olmadığını, sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərib. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb. Bu da təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir edib. Buna görə də BŞTİ son 3 ildə davamlı şəkildə 9-cu siniflərin tədrisini təmin edə bilməyən məktəblərin siniflərinin yaxın ərazilərə köçürülməsi və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb".

Milli.Az