"Bitki analizləri sayəsində fermerlər istehlakçıya keyfiyyətli məhsul təqdim edəcəklər" - Rəşad Vahabzadə

12 Sentyabr 2018 13:12

Milli.Az Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadənin müsahibəsini təqdim edir:

- Rəşad müəllim, regional aqrokimya laboratoriyalarının fəaliyyəti hansı prosedurlar əsasında təmin edilir?

- Regional aqrokimya laboratoriyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində 11 inzibati ərazi bölgüsündə Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucarda yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 13 avqust 2016-cı il tarixli Kollegiya Qərarına əsasən bu laboratoriyaların idarəçiliyi Dövlət Fitosanitar Xidmətinə tapşırılıb.

- Hazırda hansı regionlarda aqrokimya laboratoriyaları fəaliyyət göstərir?

- Hazırda Bərdə, Göygöl, Quba, Salyan, Sabirabad, Samaxı, Tovuz, Ucar  regional aqrokimya laboratoriyaları fəaliyyət göstərir. Səki və Abşeron regional aqrokimya laboratoriyalarının isə cari ilin oktyabr ayına kimi fəaliyyətə başlayacagı nəzərdə tutulub. Qeyd edim ki, Quba və Bərdə regional agrokimya laboratoriyalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, cihaz və avadanlıqların quraşdırılması istiqamətində işlər başa çatdırılıb və laboratoriyalar istismara buraxılıb. Lənkəran, Şəki, Salyan və Sabirabad laboratoriyalarının yenidən işə salınması məqsədi ilə alınması nəzərdə tutulan cihazlar sifariş verilib. Laboratoriyaların  fəaliyyəti İSO/17025-2009  standartının tələblərinə uyğun formalaşdırılır. Laboratoriyalarda texniki və idarəetmə menecmenti qurulub. Analizlərin aparılmasında müasir innovativ sınaq metodları tətbiq olunur. Sınaqlarda qeyri-müəyyənliyin təyin olunması istiqamətində proseduralara əməl olunur. Bu istiqamətdə sınaqların həqiqiliyinin təsdiq olunması üçün  peşəkarlığın artırılmasını və keyfiyyət analizlərinin həyata keçirilməsini  təşkil edən beynəlxalq şirkətlərdə qeydiyyat aparılıb və cari ilin sonunda aparılacaq analiz raundlarında laboratoriyalarımız da iştirak edəcək. Əldə ediləcək nəticələrə uyğun olaraq laboratoriyalarımızda akkreditasiya sahəsi müəyyən olunacaq. İştirak edəcəyimiz raundlar torpaq, su və bitki  analizləri üzrə olacaq.

- Bu laboratoriyalar fermerlərə hansı xidmətləri təklif edirlər? Göstərilən xidmətlər müqabilində ödənişlər hansı tarif əsasında həyata keçirilir?

- Regional aqrokimya laboratoriyaları fermerlərə torpağın məhsuldarlıq göstəricilərinin, torpağın fiziki göstərcilərinin, torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması və suvarma sularının analizlərinin həyata keçirilməsi xidmətlərini təklif edir. Göstərilən xidmətlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 18 iyul 2018-ci il tarixli 87 nömrəli əmri ilə təsdiq olunmuş tarif qiymətlərinə əsasən aparılır. Həmçinin, laboratoriyaların kadr təminatının təşkil edilməsi ilə əlaqədar bir sıra işlər həyata keçirilib. Belə ki, işə götürülən texniki heyət elmi-praktiki təlimlərdə iştirak ediblər. Regionlar üzrə kadr təminatı formalaşdırılıb və beynəlxalq mütəxəssislərin iştirakı ilə təlimlər  aparılıb. Sözsüz ki, laboratoriyalarda kadr hazırlığı və təlimlərin təşkili daim diqqət mərkəzində saxlanılır. Müasir innovativ metodların tətbiq olunması daimi olaraq təlimlərin aparılmasına vüsət verir. Texniki heyət nümunələrin götürülməsi, sınaqların aparılması üzrə təlimlərdə iştirak ediblər.

- Aqrokimya laboratoriyaları ölkədə aqrar sahənin inkişafı üçün hansı töhfələr verəcək?

- Regional aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün çox böyük önəm daşıyır. Aqrokimyəvi tədqiqatların nəticəsində qabaqlayıcı tədbirlərin aparılması mümkün olur, fermerlər hansı məhsul qrupunun əkəcəyini müəyyən edir, gübrələmə normalarını düzgün seçir və sonda keyfiyyətli bol məhsul əldə edir. Torpağın və bitkinin fiziki-kimyəvi  analizi, pestisidlərin qalıq miqdarının təyin olunması qida sağlamlığının qorunmasında vacib amillərdən biridir. Fermerlər bu xidmətlərimizdən yararlanaraq istehlakçılara keyfiyyətli və təhlükəsiz məhsul təklif edə bilərlər.

- Bəs bu laboratoriyaların cəmiyyətdə tanıdılması və geniş təbliğ olunması istiqamətində hansı işləri görülür? Bununla bağlı hansı planlar hazırlanıb?

- Aqrokimya laboratoriyaların PR və marketinq sahəsinin formalaşdırılması və qurulması istiqamətində hazırlıq işlərinə başlanılıb. Hazırda müştəri bazasının formalaşdırılması, xidmətlərin daxili bazarda həcminin hesablanması, xidmət sahələrinin keyfiyyətinə nəzarət sisteminin formalaşdırılması, reklam və tanıtma çarxlarının, bukletlərin hazırlanması, fermer təsərrüfatları ilə görüşlərin keçirilməsi, sosial şəbəkələrdə aktivliyin formalaşdırılması, kütləvi informasiya vasitələri ilə təbliğat və təşviqat işlərinin təşkili prosesi gedir.

- Aqrokimya laboratoriyalarının fəaliyyətinin aqrar sektora necə təsiri göstərəcək?

- Aqrokimya laboratoriyalarının fəaliyyəti nəticəsində aqrar sektor daha geniş profillə fəaliyyət göstərəcək. Belə ki, əkinə yararlı torpaqlardan düzgün istifadə olunmaqla, keyfiyyətli və təhlükəsiz məhsul artımı baş verəcək. Eyni zamanda əkinə yararsız torpaqlar müayinə olunaraq yararlı vəziyyətə gətiriləcək. Suvarma suları və onların mənbələrinin monitorinqi nəticəsində keyfiyyətli suvarma suları monitorinqə uyğun olaraq qruplaşacaq və fermerlər sudan düzgün istifadə qaydalarına riayət edərək vəsaitlərinə qənaət etmiş olacaqlar. Bitki analizləri sayəsində istehlakçıya keyfiyyətli və təhlükəsiz məhsul təqdim edəcəklər və bütün bu proseslərin sonunda dayanıqlı sabit marketinq idarəetməsini formalaşdıracaqlar. Keyfiyyətli məhsul istehsalı respublikanın ixrac əməliyyatlarında dayanıqlı inkişaf reformasının və proseslərin stimullaşdırılmasına gətirib çıxaracaq. Bunun sayəsində fermerlər vəsaitlərin düzgün istiqamətdə yönəltməklə böyük gəlirlər əldə edəcəklər.

Yusif Nəsirli
Milli.Az