Damlayla dava, Floranın Röyanı bağışlamağı, Kənanın fotosuna ürək qoyanlar, hürən müğənnilər - HƏFTƏBECƏR

10 Sentyabr 2018 00:45

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (188-ci say) təqdim edir.

Dostlar, bundan sonra bütün şərhlərə Qulpqoyan dayı şəxsən özü nəzarət edəcək. Deyir, kimin hansı ünvandan yazdığını da öyrənəcəm. Əgər rəylər xoşuma gəlməsə, "razborka"ya çağıracam. Dedim ki, a kişi, sənin nəvə-nəticə oynadan vaxtındır e, görüşə adam çağıran yox. Bu sözə görə aramız sərinləyib. Deyirəm ki, sənin tay-tuşun Yalçın Rzazadə müalicəyə pul tapmır, amma sən Tiflisdən girib, İstanbuldan çıxırsan, maşallah. O da nə desə yaxşıdır? Deyir, nə olsun ki, Yalçın Rzazadə boyda sənətkar müalicəyə pul tapmır, amma Zemfira İbrahimovanın bağ evinin qiymətinə Xan Şuşinskini də diriltmək olar. Eldəniz Zeynalovun sözü olmasın, ala, mənə deyir e.

Mənə deyir, sənə deyirdən söz düşmüşkən, bir həftədir sosial şəbəkələrin trendi olan "Səni deyirlər" mahnısından, yəqin ki, xəbərdarsınız. Məsələnin mahiyyəti bundan ibarətdir ki, İranda bir qrup gənc Urmiya gölünün qurudulmasına etiraz olaraq, belə bir aksiyaya başlayıblar. Bu dəqiqə dünyanın aparıcı media orqanları "Səni deyirlər"dən danışır, yazır, deyir. Bizim də bəzi məşhurlar elə biliblər ki, sözügedən aksiya onların burcudub video çəkərək qiymət artırmaqları üçündür. Son məlumatlara əsasən, lirənin kursunda baş verən dəyişikliklərə görə, türk lirəsiylə olan "sövdələşmələri" iki dəfəyə qədər qaldıran şou qadınları var. Hər halda, belə deyirlər...

Bu arada Damlayla İradə Mehri bir mahnını bölüşdürə bilmirlər. Daha doğrusu, İradənin dediklərinə inansaq, bir müddət öncə üç min manat verib, mahnını alıb, indi də Damla həmin mahnını ondan icazəsiz oxuyub. Bəstəkar da durub İradənin üzünə ki, sən mənə pul zad verməmisən. Belə xəbərləri oxuyub şərh edəndən sonra şou-biznes deyilən aləmə girmək istəyənlərə bir müraciət etmək keçir ürəyimdən. Vallah, sizin o toyxanalarda on saat oxuyub qazandığınız 50-100 manat, bunların yarım saata qazandığı 5 min manatdan daha təmizdir. Söhbət təkcə Damladan getmir, ümumiyyətlə, deyirəm. Adamların pula görə bir-birinə etmədikləri pisliklər, girmədikləri cildlər qalmır. Verilişə qonaq gedirsən, səni görən kimi az qalır üç dəfə dombalaq aşsın. Sonradan eşidirsən ki, arxanca xoşagəlməz sözlər danışıb. Məncə, şou çirkabın durumunu tam da olmasa, izah edə bildim.

Flora xanımın özündən və dinləyicilərindən üzrxahlıq edərək, sənətkarı bir balaca tənqid etmək istəyirəm. Yadınızdadırsa, Röyayla aralarında qalmaqal yaşanmışdı. Sənətkar təzədən həmin söhbətə qayıdır. Deyib ki, Röyanı məhkəməyə vermədim, amma qızıma toxunmamalıydı:

"Ağzına gələni mənə dedi, eybi yox. Onu oğluna bağışladım. Heç kimi məhkəməyə verməyəcəm. Bu, adamı təzədən dilə-dişə salmaqdır. Ürəyim gəlməz Röyanı dilə-dişə salmağa. Adekvat adamam, mənə kim necə münasibət göstərir, onu da qaytarıram".

Ay Flora xanım, qadan alım, başına dönüm, Röya sənin qızın Zümrüddən iki-üç yaş da balacadır. Nə olar, əl çək də qızın yaxasından, nəvən yaşında uşaqlarla dava-dalaş, qırğın-qiyamət qopartmaqdan. Acizanə şəkildə xahiş edirəm. Axı o boyda sənətə, bu boyda xırda söhbətlər yaraşmır. Vallah, yaraşmır.

Tanınmış diktor Nəsimi Nəbizadənin bir statusunu oxudum. İki-üç cümlədə teleməkanın durumunu tam izah edib. Deyir ki, televiziyaya o qədər "mavi ekran" dediniz ki, axırda ekran "maviləşdi". Məncə, artıq şərhə gərək yoxdur.

Kənan MM Türkiyənin məşhur "Savaşçı" serialında Azərbaycan zabitinin obrazını canlandıracaq. Sosial şəbəkədə paylaşımlarına baxıram, dünənə qədər Kənanı top atəşinə tutanlar, bu gün çəkiliş meydançasından paylaşdığı fotolara ürək qoyurlar. Həmin adamdır da, nə artmayıb, nə də azalmayıb. Guya nə dəyişdi ki? Yeri gəlmişkən, Kənanla bağlı bilmədiyiniz elə faktlar var ki, onları açıqlasam, əslində, necə xarakterdə biri olduğunu bilərsiniz. Amma hələ vaxtı və zamanı deyil. Bunun üçün onun özünün də həmin faktları açıqlamağımı istəməsi lazımdır.

Nadir Qafarzadə növbəti dəfə sosial şəbəkədə izləyicilərini söyüb:

"Onlar bizi incitmirlər. Sadəcə olaraq, hürürlər, amma dişləyə bilmirlər. Nə edək ki, Allah bizi seçib. Əgər sən uğursuzsansa, bu, sənin öz günahındır. Çalış xoş söz de ki, Allah da sənə xoş gün göstərsin. Nə qədər söyüş söysən, Allah da sənə qara gün göstərəcək. Çünki tanrı pis sözləri sevmir. Heç olmazsa 10 mübarək söz de ki, Allah ondan birini eşitsin və sənə uğur nəsib etsin".

Nadir bəy, etiraf edirəm ki, bekarçılıqdan sosial şəbəkədə sizi və digər həmkarlarınızı izləyən minlərlə insan var. Necə deyərlər, bekarçılığın üzü qara olsun. Amma izləyiciyə hürmək ifadəsi işlətmək ayıbdır. Bilirsiniz niyə? Hətta dünya şöhrətli bir idmançı da etdiyi səhvə görə fanatlar tərəfindən söyülür. Məsələn, onda gərək Ronaldu həftədə bir fanatını "razborka"ya çağırsın, yaxud onu təhqir etsin. Sizi inandırıram ki, şou-biznesdəki müğənnilərin doxsan faizinin oxumağı elə hürmək kimi bir şeydir. Hətta hürmək o oxumağın yanında toya getməlidir. Məsələn...

Milli.Az