Hökumətin kartofla bağlı qərarı kimin xeyrinədir? - Kartof ucuzlaşa bilər

6 Sentyabr 2018 12:03

Nazirlər Kabinetinin kartof idxalına tətbiq etdiyi və gömrük tarif dərəcələrinin artırılması ilə bağlı qərarı ölkəyə xaricdən kartof idxalına qadağa qoyulması demək deyil.

Milli.Az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Nazirlər Kabinetinin kartof idxalına tətbiq etdiyi yeni gömrük tarif dərəcələri ilə bağlı suallara aydınlıq gətirərkən deyib.

Kartofa gömrük rüsumu artırıldı - Bu qərar qiymətə təsir edəcəkmi? - VİDEO

 Nazirliyin sözçüsü fikirlərini belə əsaslandırıb: "Tarif dərəcəsinin artırılması birincisi, ərzaqlıq kartofa şamil edilib, ikincisi, iki aylıq müddəti əhatə edir, üçüncüsü, toxumluq kartofa aid deyil, dördüncüsü, daxili bazarı qorumaq, beşincisi yerli istehsalı dəstəkləmək, altıncısı, fermerlərin maraqlarını müdafiə etmək məqsədi daşıyır. Ölkədə kartof istehsalının həcmi daxili tələbatı tam təmin etməyə imkan verir, hətta daxili tələbatdan daha çox kartof istehsal olunur. Qonşu İran və Türkiyədə milli valyutaların dəyərdən düşməsi ixracatı stimullaşdırıb, sahibkarlar məhsullarını xarici bazarlarda satmağa üstünlük verirlər. Daha doğrusu, buna məcbur qalırlar. Milli valyutası sabit olan Azərbaycan bazarı İran və Türkiyədən olan kənd təsərrüfatı məhsulları ixracatçıları üçün cəlbedicidir, lakin Azərbaycan bazarına maraq yerli istehsalçıların maraqlarına ziddir. Dövlətin də vəzifəsi, ilk növbədə, yerli istehsalçıların maraqlarını müdafiə etməkdir və Nazirlər Kabinetinin qərarı da buna xidmət edir. Yəni fermer aylarla əziyyət çəkib kartof becərir, İran və Türkiyədən kartof idxalı isə onların əziyyətini heçə endirir".

V.Hüseynov qeyd edib ki, problem təkcə xaricdən kartof idxalı ilə bağlı deyil: "Əsas problem vasitəçilərdə, fermerdən sahədə məhsulu su qiymətinə alıb bazarlarda od qiymətinə satan dəllallarda, işbazlardadır. Onlar İrandan ucuz kartof gətirməklə yerli istehsalçını fakt qarşısında qoyur və sonra da məhsulunu dəyər-dəyməzinə satın alır. Nazirlər Kabinetinin qərarı isə vasitəçilərin qarşısında fermerin əlini daha da gücləndirmiş olur, vasitəçilər artıq fermeri xaricdən ucuz kartof gətirərək "qiyməti öldürmək"lə hədələyə bilmirlər".

## 682656## KTN-nin rəsmisi daha iki vacib məqama da toxunub: "Qərar cəmi iki ay müddətinə, yəni məhsul yığımının yekunlaşdığı, sahələrdən topdansatışların ən çox həyata keçirildiyi sentyabr-oktyabr aylarını əhatə edir. Bu qərarın növbəti aylarda qüvvədə olması elə bir əhəmiyyət kəsb etmir, çünki kəndli öz məhsulunu bu iki ay ərzində artıq satacaq.

Qəbul olunan qərar kartofun yalnız topdansatış qiymətinə təsir edir, pərakəndə satışa isə təsir etmir. Çünki vasitəçilərin (işbaz, dəllal, fürsətcil və s.) kəndlidən sahədən aldığı kartofun qiyməti ilə bazarda pərakəndə satışda realizə etdiyi qiymət arasında 2-3, bəzən 4 dəfə fərq olur. İndiki situasiyada vasitəçi fermerdən məhsulu daha baha almalı olacaq, qiyməti az da olsa fermer diktə edəcək, pərakəndə satış qiyməti isə indiki səviyyədə qalacaq, hətta məhsulun bolluğu pərakəndə satış qiymətlərini daha da ucuzlaşdıra bilər".

Qeyd edək ki, Nazirlər Kabineti sentyabrın 1-dən oktyabrın 31-ə qədər ölkəyə idxal edilən kartofun gömrük tarif dərəcəsi iki dəfə artırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, ölkəyə idxal edilən kartofun gömrük rüsumu məhsulun gömrük dəyərinin 30 faizi həcmində olacaq. Bundan əvvəl kartof üçün idxal gömrük rüsumu 15 faiz olub.

İlkin İzzət
Milli.Az