Zaqatalada yeni körpü istifadəyə verilib
13 Sentyabr 2011 21:16
Zaqatala rayonunun Dardoqqaz kəndi ərazisində, Miçqar çayının üzərində uzunluğu 24, eni 10 metr olan yeni körpü istifadəyə verilib. AzərTAc xəbər verir ki, körpünün təntənəli açılış mərasimində rayonda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər, nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə əhalinin sosial problemlərinin həllinin dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib. O, qeyd edib ki, Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasətin nəticəsidir ki, bu gün respublikamızın paytaxtı kimi, regionlar da sürətlə inkişaf edir.
Yeni istifadəyə verilmiş bu körpünün dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yerlərdə uğurlu icrasının bariz nümunəsi olduğunu nəzərə çarpdıran natiq son illər Zaqatala rayonunun da sürətlə inkişaf etdiyini, onlarla yeni emal müəssisəsinin, sosial təyinatlı obyektlərin istifadəyə verildiyini, yeni park və xiyabanların salındığını, küçə və yolların əsaslı təmir olunduğunu, Zaqatalanın ölkənin ən abad və yaraşıqlı şəhərlərindən birinə çevrildiyini xüsusi vurğulayıb.
Mərasimdə kənd sakinləri, ziyalılar çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə zaqatalalılar adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Sonra körpüyə baxış olub. Məlumat verilib ki, 17 nömrəli yol istismar idarəsi tərəfindən dövlət vəsaiti hesabına inşa olunan bu körpünün tikintisinə, habelə 8,5 kilometr uzunluğu olan yerli əhəmiyyətli Zaqatala-Sumaylı-Dardoqqaz avtomobil yolunun çəkilişinə 553 min manat vəsait xərclənib. Çökəkoba, Göyəm, Sumaylı və Dardoqqaz kəndlərinin 4400 nəfərdən artıq sakininə xidmət edəcək bu körpüdən qonşu Maqov, Danaçı, Aşağı Çardaxlar və digər kəndlərin əhalisi də yararlanacaq.
Körpünün üzərindən kənd sakinləri və ilk maşın karvanı keçib.
Milli.Az