Gecə oxusu: "Sevəcəyəm özüm səni"
15 Sentyabr 2011 00:30
Sevəcəyəm özüm səni
Məndən uzaq olma bir an,
Görə bilsin gözüm səni.
Gah aşıkar, gah da pünhan
Vəsf eləsin sözüm səni.
Demə sənsiz ürək dözər,
Xəyalım da səni gəzər.
Yollarıma sal bir nəzər,
Qoy gətirsin izim səni...
Bu dünyanın işığı bol,
Sən də mənim qəlbimə dol.
Şeirim ol, hekayəm ol,
Sətirlərə düzüm səni.
Bir gül olum eşq bağında,
Bülbülüm ol budağımda.
Yanaqların yanağımda -
Hiss eləsin üzüm səni.
Sən mənimsən, mən səninəm,
Eşqin ilə yanır sinəm.
Bu sevdadan çətin dönəm,
Sevəcəyəm özüm səni!
Mənə mələyim de
Mənə mələyim de, bir cüt qanad ver,
Eşqin göylərində uçum səninlə.
Qoşulsun təbrikə ulduzlar bir-bir,
Sabahı birlikdə açım səninlə.
Alışdır, atəşin yansın üzümdə,
Dolaşaq, gül açsın dağım, düzüm də.
Sən dolsan, buluda dönüm özüm də,
Gülsən, Günəş kimi saçım səninlə.
Beləcə nur yağsın hər əməlindən,
Sevgi nəğmələri qopsun dilindən.
Məni elə sev ki, tutum əlindən,
Haraya deyirsən qaçım səninlə.
Milli.Az