"Azəri Top Model"də iştirakçılara şans verildi - FOTOSESSİYA

13 Sentyabr 2011 15:14
Dünən 10 model xanımın iştirakı ilə "Azəri Top Model" müsabiqəsi keçirildi. Milli.Az xəbər portalının məlumatına görə, layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən müsabiqədə ilk əvvəl 10 model xanım podiuma təşrif buyuraraq, dünya şöhrətli modelyerlərin geyim kolleksiyalarını nümayiş etdirdilər. DJ Çinanın müşayiəti ilə podiuma bir-bir çıxan model xanımlar onlar üçün ayrılan yerdə durdular.

Model xanımların yaz-yay kolleksiya geyimlərini "Debenhams" mağazası təqdim etmişdi.

Daha sonra aparıcı müsabiqə iştirakçılarının SMS nömrələrini açıqlayaraq, tamaşaçıları ən yaxşı modeli seçməyə səslədi.

Bundan başqa, F.Atakişiyev münsiflər heyətini təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, model Züleyxa Akçurina, geyim üzrə stilist Aynur Əliyeva, fotoqraf Anfisa Bessonova münsiflər heyətini təmsil edirdilər.

Hər zaman münsiflər heyətində əyləşən "Pasaj" jurnalının baş redaktoru Nərminə Ağası və stilist Syama bu dəfə iştirak etmirdilər. Səbəb isə onların xarici ölkələrin birində səfərdə olmalarıdır.

Verilişdə qonaq qismində əməkdar artist Fidan Hacıyeva iştirak edirdi. F.Hacıyeva münsiflər kürsüsündə əyləşərək, verilişi sona qədər izlədi və veriliş ərzində repertuarında yer alan mahnıları səsləndirdi.

Bundan başqa, verilişdə iştirak edən müğənni Nadir Qafarzadə və gənc ifaçı Orxan da repertuarlarında yer alan mahnıları ifa etdilər.

Onu da qeyd edək ki, budəfəki veriliş iştirakçılara şans verilməsi üçün nəzərdə tutulmuşdu. Ona görə də verilişdə SMS nəticələrinin siyahısı açıqlanmadı. Bunun üçün də bu dəfə də müsabiqəni heç kim tərk etmədi.

Xatırladaq ki, verilişdə iştirakçılar podiumdakı jestləri, aparıcı Firdovsi Atakişiyevin DJ Çina ilə və iştirakçılarla zarafatlaşıb, rəqs etməsi, reklam fasiləsində DJ Çinanın model xanımlarla qeyri-adi şəkillər çəkdirməsi, Züleyxa Akçurinanın qardaşı Ömərin də model xanımlarla şəkil çəkdirməsi və arabir bacısına kömək etməsi diqqəti cəlb edən məqamlardan idi. Onu da qeyd edək ki, həmin gün DJ Çinanın ad günü qeyd olundu.

Verilişin sonunda müsabiqə boyu yaşanan xoş dəqiqələrdən ibarət videoçarx nümayiş olundu.

Xatırladaq ki, qonaqlara və modellərə modelyer Fəxriyyə Xələfovanın "Nuray" qadın ətri hədiyyə olunurdu. Hədiyyəni qonaqlara şəxsən Züleyxa Akçurina təqdim edirdi.

Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22.30-da "Lider" televiziyasında keçiriləcək. Hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəliklər olacaq ki, bu da televiziya vasitəsilə yayımlanacaq. Gündəliklərin aparıcısı peşəkar model İlqar Əliyev olacaq. Gündəliklərin çəkilişi müxtəlif məkanlarda, müxtəlif geyimlərdə aparılaraq, modellərin fotosessiyaları, rəngarəng görüntüləri nümayiş olunacaq.

Layihənin baş sponsoru "Nissan - Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.

"Azəri Top Model"lərin SMS seçiminə görə, həftəlik siyahısı:

Əlizadə Ləman
Arsentyeva Olqa
Rüstəmova Elvira
Eyyubova Diana
Əliyeva Çinarə
Şevçenko Aleksandra
Ramazanova Nərminə
Rizayeva Oksana
Klimova Yuliya
Cəfərova Maya

Fuad Mədətov
Milli.Az