"Qırmızı kitab"a salınan xan çinarları, piti, halva... - Cənnət kimi Şəkidən FOTOREPORTAJ

29 Avqust 2018 09:44

Hər şəhərin özünəməxsuz gözəlliyi olsa da, bəzi şəhərlər tarixiliyinə, bəziləri isə yerləşdiyi məkana, dağlarına, meşələrinə görə seçilir. Şəki şəhəri həm meşələri, həm də qədimliyi ilə turistlərin və azərbaycanlıların daim diqqət mərkəzindədir. Nuxa kimi də tanınan şəhər 1968-ci ildən sonra Şəki adlanır. Halvası, marxalı, xan sarayı ilə ağıllarda qalan şəhər qədim tarixə malikdir.

Bakıdan 370 km uzaqlıqda yerləşən şəhərə təxminən 4,5 saata 3 yolla - Kürdəmir, Ağsu və İsmayıllı - getmək mümkündür. Ən qısa yol İsmayıllı yoludur. Buradan, əsasən, minik avtomobillərinin sürücüləri istifadə edir. Həm də bu yolun İsmayıllıdan keçən hissəsi olduqca gözəl və möhtəşəmdir. Yolun hər iki tərəfindəki ağacların bir-birinə keçmiş budaqları asfalta gün düşməyə imkan vermədiyinə görə hətta yayın ən isti anında belə buradan keçəndə sərinləyirsən.

Şəki şəhəri çox da böyük deyil. Gəzməli-görməli yerlərinə getmək üçün 1, 2 gün bəs edir. Şəhərin insanları çox qonaqpərvərdirlər və istənilən məsələdə turistlərə kömək etməyə can atırlar.

Şəki Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşdiyinə görə yolları enişli-yoxuşludur və çox da geniş deyil. Əvvəllər bütün yolları farş döşənmiş vəziyyətdə olsa da, hazırda çox istifadə olunan yerlər asfaltlanıb.

Şəhərə kanalizasiya sistemi çəkildiyinə görə bəzi yollarda təmir işləri aparılır. Yağış yağan zaman suyun çaylara axması üçün yolların kənarında arxlar qurulub.

Şəhərin mərkəzindən keçən çay Şəkiyə xüsusi gözəllik verir. Həm bu cəhətinə, həm də qədimliyini qoruyub saxladığına görə Şəkini Tiflisə bənzədirlər. Şəkinin dar doqqazlarından (küçələrindən) keçərkən özünü qədim Azərbaycan filmlərinin içərisindəymiş kimi hiss edirsən. Demək olar, hər küçədən başı qarlı Qafqaz dağları görünür.

Şəki dağın ətəyində yerləşdiyinə görə havası çox vaxt sərin olur və təmizdir. Şəkidə axşam vaxtı "istidən bişmək" qeyri-mümkündür. Bəzən yağan aramsız yağışlar bezdirici ola bilər.

Şəki xan sarayı

1762-ci ildə tikilən abidə Şəki qonaqlarının ən çox diqqətini çəkən və hər il yüzlərlə turist qəbul edən məkanlarındandır. Bina Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə tikilib. Saray qala içərisində olmasına baxmayaraq, qədim şərq şəhərləri üçün xarakterik olan əlavə divarlarla əhatə olunub.

Sarayın möhtəşəmliyi onun tikintisi zamanı mismardan və ya yapışdırıcıdan istifadə olunmamasıdır. İki mərtəbəli sarayın daxilindəki həndəsi naxışlarda quş şəkillərinə, süjetli rəsmlərə, döyüş və ov səhnələrinə geniş yer verilib.

Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Taxçalar Nizami Gəncəvinin "Leyli və Məcnun" poemalarına çəkilmiş illüstrasiyalarla bəzədilib.

Sarayın qarşısındakı hovuzun hər iki tərəfində əkilmiş xan çinarlarının 500-ə yaxın (1530-cu ildə əkilib) yaşı var. Gövdəsi 13.50, hündürlüyü 42 metrdir. Çinarlar "Qırmızı kitab"a salındığından onları kəsmək qadağandır.

Həyətdə hazırda muzeylər, əl işləri satılan mağazalar, Şəki yeməkləri və digər milli yeməklər servis edən kafe fəalliyyət göstərir.

Qala divarları ilə əhatə olunmuş həyətdə at sürmək, şəkil çəkdirmək sərbəstdir. Hətta, çəmənlikdə namaz qılanlar belə var idi.

Şəki halvası

Kimsə Şəkidə olduğunu bildirəndə və ya oradan "check in" edəndə ona ən çox deyilən söz "gələndə paxlava gətir" olur. Bu şirniyyata Azərbaycanın bəzi bölgələrində paxlava desələr də, yerli sakinlər halva adlandırırlar. Şəkiyə gələn qonaqların ən çox aldığı və daddığı şirniyyat növüdür.

Düyü unu, qoz, fındıq və şərbətdən hazırlanan şirniyyatı çox şirin olduğuna görə iki-üç dilimdən artıq yemək olmur. İstəyə görə şərbət əvəzinə qoz, fındıq qarışımına bal da qatılır. Adi halvanın bir kilosunun qiyməti 6 manatdır. Şəkidə daha çox Əliəhməd şirniyyat sexinin və halvaçı Yəhyanın məhsullarına üstünlük verilir.

Şəki halvasının tarixi haqqında dəqiq məlumatlar bu günümüzə qədər gəlib çatmayıb. Hazırda Şəkidə 60-dan çox halvaçı dükan və sexləri fəaliyyət göstərir. Bu dükanların çoxu yerli halvaçılara məxsusdur.

Şəki pitisi

Piti deyəndə ağla gələn ilk şey Şəki şəhəri olur. Piti dobu adlanan xüsusi saxsı qablarda hazırlanır. İlk baxışda bozbaşa bənzəsə də, xeyli fərq var. Quyruq, tikə ət, şabalıd, gavalı və bol noxuddan bişirilən pitini digər yeməklərdən fərqləndirən əsas cəhət əzilib yeyilməsidir. Qədim zamanlarda pitinin noxudlarını əzmək üçün rumkalardan istifadə olunub. Çox vaxt piti süfrəyə gətirilən zaman üzərinə sumax səpilmiş soğan dilimləri də yanında qoyulur.

Bir dobu pitini yedikdə insan azı 7, 8 saat acmır. Enerji dəyərləri olduqca yüksək olduğuna görə qədim zamanlarda fəhlələrə işləmək üçün piti verildiyi deyilir.

Şəkidə qonaqsınızsa və piti yemək istəyirsinizsə, ən yaxşı məkanlardan biri xan sarayına gedən yolda yerləşən məşhur "Qaqarin" restoranıdır ki, buranın həm yeməkləri dadlı olur, həm də Şəkinin möhtəşəm mənzərəsi görünür.

Karvansaray

Əvvəllər Şəkidə beş karvansaray binası mövcud olub. Onlardan yalnız ikisi - Yuxarı və Aşağı karvansaraylar indiyədək qalıb. 18-ci əsrdə səyyahların və karvanların qalması üçün tikilən saray indi də otel kimi istifadə olunur və içərisində milli yeməklərin servis olunduğu restoran da fəaliyyət göstərir.

Balaca qapısından adlayıb girdikdə içəridəki yaşıllıq, tarixi divarlar, hovuz insanı heyran edir. Darvazaların içəri hissəsinin tavanı kərpicdən hazırlanmış tağlı günbəzlərdir.

Karvansaray Şəkiyə gələn qonaqların ən çox fotosessiya etdiyi məkanlardandır. Aktyor Hacı İsmayılovun Nuriyyə Əhmədova ilə birlikdə baş rollarını ifa etdiyi "Həm ziyarət, həm ticarət" filminin kadrları Karvansarayın həyətində çəkilib. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Karvansarayda qonaq olub.

Bundan başqa Şəkidə Marxal, Soyuqbulaq, Gələrsən-Görərsən qalası, Mustafa bəyin yeri, Xan yaylağı kimi gəzməli-görməli yerlər də var. Dağların ətəyində yerləşən Marxalda hazırda lüks otel və istirahət mərkəzi fəaliyyət göstərir. Soyuqbulağın ətrafında isə tamamilə yaşıllıqlarla əhatə olunmuş restoran tikilib. Marxala gedən yol Soyuqbulaqdan keçir. Bu bulağın suyu buz kimi və çox dadlıdır.

Gələrsən-görərsən qalası mərkəzdən 8 kilometr aralıda, Kiş çayının yaxınlığında yerləşir. Qalaya aparan yol dik olduğuna görə yorucudur. Çıxana qədər təngnəfəs olsan da, mənzərəsinə görə dəyər. Burada kənd ovcunun içindəymiş kimi görünür.

18-ci əsrdə düşməndən qorunmaq üçün tikilən və belə adlandırılan qalanın adı hələ də aktuallığını qoruyub saxlayır. Ümumilikdə isə, təkcə bu qalanın yox, elə bütün Şəkinin gəlib, görməli yerləri var. Yolu uzaq olsa belə, möhtəşəm mənzərəsinə görə Şəkiyə səyahət etməyə dəyər.

Bəxtiyar Umarlı
Milli.Az