Bahar Muradova: “ATƏT Parlament Assambleyasında Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər”

12 Sentyabr 2011 20:52
"ATƏT Parlament Assambleyasının payız sessiyası oktyabrın 7-dən 10-dək Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək. Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə bağlı məsələ bu sessiyada da qaldırılacaq". Milli.Az xəbər portalının məlumatına görə, bunu yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. B.Muradova bildirib ki, sessiyada Cənub-Şərqi Avropa regionundakı problemlər müzakirə ediləcək, o cümlədən, məcburi köçkün və qaçqınlar problemi, insan alveri və digər məsələlər diqqət mərkəzində olacaq.

Bahar Muradovanın sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə qurumda Dağlıq Qarabağ probleminin müzakirə edilməsi təşəbbüsü ilə çıxış edib. "Payız sessiyasında belə bir müzakirələrin keçirilməsi reallaşa bilər. Çünki təşkilatın rəhbəri bunun üçün çalışacağını, həmsədrlərin hesabatını təşkil edəcəyini bildirib. ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, təşkilatın fəxri sədri J.Suareş də belə bir tədbirin keçirilməsində maraqlıdır. Bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi daim beynəlxalq təşkilatların gündəmində olmalıdır. Nümayəndə heyəti olaraq növbəti sessiyada da torpaqlarımızın işğalı, məcburi köçkünlərin vəziyyəti barədə məlumatlar Avropa parlamentarilərinin diqqətinə çatdırılacaq", - nümayəndə heyətinin rəhbəri vurğulayıb.

Milli.Az