Yaponiyanın ən böyük aviaşirkətinin dəyəri bir təyyarədən ucuz oldu

21 Yanvar 2010 10:16
Milli.Az-ın k2kapital.com-a istinadən verdiyi xəbərə görə, aviaşirkətin səhmlərinin hər biri dünən Tokio Fond Birjasında 5 yenə ($0,06) qədər ucuzlaşıb. Beləliklə, aviaşirkətin dəyəri indi cəmi $150 milyondur ki, bu məbləğə hətta yeni sərnişin avialayneri də düşmür.

Ötən ilin mart-sentyabr aylarında "Japan Airlines"in itkiləri $1,5 milyard olub. Rəsmi Tokio aviaşirkətə təcili maliyyə yardımları vəd etsə də, JAL-ın iflasdan qurtulması artıq mümkünsüz təsir bağışlayır.

JAL son bir ildə həddən artıq böyük məbləğdə borclara düşüb. 2001-ci ildən bəri aviaşirkət hökumətdən 3 dəfə yardım alıb. Ötən il isə iş o yerə çatıb ki, JAL-a Yaponiyanın dövlət büdcəsindən əlavə maliyyə vəsaiti ayrılıb. Aviaşirkətin dövlətə olan borcu hazırda 200 milyard yenə çatıb. JAL-ın borclarının ümumi həcmi isə $15 milyardı keçib.

2003-cü ildə JAL-ın bir səhminin qiyməti 366 yen, dəyəri isə təqribən $11 milyard idi.

Dünyanın istisnasız olaraq bütün aviaşirkətləri kimi JAL da qlobal maliyyə böhranı nəticəsində ağır itkilər verib. Sərnişin axını azaldığından aviaşirkətin gəlirləri və dövriyyəsi də aşağı düşüb.

Milli.Az