Gürcüstan və Ermənistan ərazilərindən Kür çayına tullantılar təmizlənmədən axıdılır

12 Sentyabr 2011 11:30
Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, sentyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının III ongünlüyünə nisbətən 21 kubm/san artaraq 125 kubm/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Sentyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 4.63-6.34 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Milli.Az