“Erməni soyqırımı”nın tanınması haqda qərar ləğv edildi
2 Aprel 2010 20:37
Krım Xəbər Agentliyinin xəbərində deyilir ki, Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası ötən ilin dekabrında qəbul etdiyi qondarma "erməni soyqırımı"nın tanınması haqqında qərarı ləğv edib.
Bununla əlaqədar İzyum Şəhər Şurasının sədri Krım Azərbaycanlılar Dərnəyinə (KAD) və Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Krım şöbəsinə məktub göndərib.
Bu barədə məlumat verən KAD-ın sədri Rəhim Hümbətov qondarma "erməni soyqırımı"nın tanınması haqqında qərarın ləğv edilməsi üçün gərgin əmək sərf etdiklərini bildirərək, vurğulayıb ki, bu qərar Ukrayna qanunlarına zidd idi. Belə ki, bu ölkənin qanunlarına əsasən, yerli idarəetmə orqanının belə bir qərar qəbul etməyə səlahiyyəti yoxdur. Qərarla bağlı İzyum Prokurorluğuna müraciət etdiklərini bildirən R.Hümbətov uzunmüddətli mübarizədən sonra qanunsuz və ədalətsiz qərarın ləğvinə nail olduqlarını deyib.
KAD sədri onu da bildirib ki, artıq qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarların beynəlxalq səviyyədə ləğv edilməsi üçün mübarizə aparmağın vaxtı çatıb. Bunun üçün əsaslar lazım olduğundan məsələ çox çətindir.
/AzərTAc/