"Azərxalça"nın Xaçmaz filialında 100-cü xalça kəsildi - FOTO

17 Avqust 2018 13:56

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin bu ilin mayında istifadəyə verilən Xaçmazdakı filialının xalça istehsalı emalatxanasında artıq 100-cü xalça kəsilib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə ASC-dən məlumat verilib.

Qeyd edək ki, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Xaçmazdakı filialında əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal xalça çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir. Həmin çeşnilər qədim xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanır.

Xalçanın toxunması prosesi başa çatdıqdan sonra o, kəsilərək hanadan götürülür. Azərbaycan toxucuları xalçanın kəsilməsi prosesinə xüsusi önəm verirlər. Əl əməyi, göz nuru ilə ərsəyə gətirilən xalçanın kəsilməsi toxucuların zəhmətinin son mərhələsidir. Ona görə də xalça kəsilməsini toxucular həmişə bayram əhval-ruhiyyəsi ilə xüsusi mərasim kimi qeyd ediblər. Evlərdə qurulan hanalardan xalçaların kəsiləcəyi günü insanlar toy-bayram kimi səbirsizliklə gözləyiblər. Milli dəyərimiz olan xalçaçılığı inkişaf etdirən "Azərxalça"nın toxucuları əsrlərdir yaşadılan həmin ənənəni bu gün də davam etdirirlər. Xalça istehsalı emalatxanalarında toxunan xalçaların kəsildiyi gün toxucular üçün bayrama çevrilir.

Xatırladaq ki, "Azərxalça"nın 10 filialı fəaliyyət göstərir. Bu filiallarda indiyədək 1000-dən çox xalça toxunub.

Milli.Az