Gürcüstanda ikili vətəndaşlıq qüvvəyə mindi

15 Avqust 2018 16:14

Gürcüstan pasportu olanlar artıq başqa ölkənin vətəndaşlığını aldıqları təqdirdə ölkə vətəndaşlığından məhrum edilməyəcəklər.

Milli.Az Report-a istinadən bildirir ki, bu kateqoriyadan olan şəxslər "Gürcüstan vətəndaşlığı haqqında" qanuna edilən dəyişikliklərin müəyyən şərtlərinə uyğun gəlməlidirlər.

Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında ölkə parlamenti Gürcüstan vətəndaşlığından məhrumetməyə qadağa qoyulan Konstitusiyaya düzəlişləri qəbul edib. Düzəlişlər 2018-ci ilin oktyabr ayında keçiriləcək prezident seçkilərindən sonra qüvvəyə minməli idi, lakin aprel ayında parlament proseduru sürətləndirməyə qərar verib.

Bu gün üçün başqa ölkənin pasportunu almamışdan əvvəl Gürcüstan hökumətinin razılığının əldə olunacağı halda vətəndaşlığı saxlamaq olar. 2020-ci il dekabrın 31-dən etibarən isə Gürcüstan vətəndaşlığından məhrum edilmək istənilən halda qadağan ediləcək.

Doğum üzrə başqa ölkənin vətəndaşlığını alan uşaqlara gəlincə, onlar 18 yaşa qədər Gürcüstan vətəndaşlığını qoruyacaq. Vətəndaşlığın saxlanılması üçün uşaqların qanuni nümayəndələri əvvəlcədən müvafiq sənədlərlə Gürcüstan hökumətinə müraciət etməlidirlər.

Milli.Az