Azərbaycalı gimnast Yelizaveta Luzan: "Tamaşaçıların dəstəyi çox kömək edir"

13 Avqust 2018 00:45

Milli Gimnastika Arenasında çıxış etməyi çox sevirəm - burada gözəl atmosfer və böyük zal var.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin 2003-2005-ci il təvəllüdlü gimnastları arasında halqa ilə hərəkətlərdə birinci, topla hərəkətlərəd isə ikinci yeri tutan "Ocaq Sport" klubunun üzvü Yelizaveta Luzan bildirib.

Y.Luzan deyib: "Öz nəticəmlə razıyam, amma daha yaxşı çıxış etmək istərdim. Biraz həyəcanlı idim, tam əmin deyildim, amma özümü toplaya bildim. Tamaşaçıların dətəyi çox kömək edir, onların bizə fəal azarkeşlik etməsi çox xoşdur".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin sonuncu günü baş tutub.

Bu gün 2008-2010-cu il təvəllüdlü gimnastların alətsiz və topla qrup yarışları, 2006-2007-ci il təvəllüdlü gimnastların lentlə qrup yarışları və 2003-2005-ci il təvəllüdlü gimnastların halqa, top, gürzlər və lentlə hərəkətlərdə final çıxışları baş tutub.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edib.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fleşmoblar da təşkil olunub.

Milli.Az