Uşaqlar məcburi tibbi müayinədən keçiriləcək - Dövlət proqramının icrasına başlanılıb - VİDEO

11 Avqust 2018 19:37

Azərbaycanda uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair növbəti dövlət proqramının icrasına başlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 2018 -2022-ci illəri əhatə edəcək proqram çərçivəsində tibbi yoxlanışdan keçmiş və keçməli olan uşaqların qeydiyyatı aparılacaq, səhiyyə işçilərinin bu sahə üzrə bacarıqları artırılacaq və təhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələri müvafiq avadanlıqlarla təchiz ediləcək.

Milli Məclisin səhiyyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib ki, bu dövlət proqramının əsas məqsədi gələcək nəslin sağlam böyüməsini təmin etməkdən ibarətdir.

Millət vəkilinin sözlərinə görə, bu proqrama əsasən valideynlər övladlarını vaxtında yoxlanışa gətirməsi üçün məlumatlandırılacaq. Bununla yanaşı valideynlər özləri də məsuliyyətli olmalı və dövlətin yaratdığı bu fürsətdən istifadə etməlidirlər.

Bundan əlavə səhiyyə işçilərinin də bu sahə üzrə bacarıqlarının artırılması və xəstəlik aşkarlanan uşaqların tibb müəssisələrinə yerləşidirlməsi də bu proqramda xüsusi qeyd edilib.

Məlahət İbrahimqızı bildirib ki, sözügedən proqram sayəsində Azərbaycandakı müsbət demoqrafik vəziyyətin qorunması ilə gələcəkdə iqtisadi inkişafda yarana biləcək risklərin qarşısı alınmış olur.

Qeyd edək ki, bu dövlət proqramı "2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın davamı olaraq hazırlanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Uşaqlar məcburi tibbi müayinədən keçiriləcək - Dövlət proqramının icrasına başlanılıb