Uşağı kim tərbiyə etməlidir: valideyn, yoxsa televizor?
10 Sentyabr 2011 14:20
"Ayna" qəzeti yazır ki, bu gün informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi zəmanədə yaşayırıq və uşaqları bu prosesdən kənarda saxlamaq asan məsələ deyil. Amma uşaqlar dünyada ən qiymətli varlıqlardır. Buna görə də onlara diqqəti daha da artırmaq məcburiyyətindəyik. Müasir ailəni, evi televizorsuz təsəvvür etmək çətindir. Televizoru da rəfdə gizlətmək mümkün deyil. Lakin onu bütün günü işlətmək, televizora yaxşı köməkçi gözüylə baxmaq da yersizdir.
Aparılan tədqiqatlardan müəyyən olub ki, məktəbəqədər uşaqlar televizorla o qədər də maraqlanmır, ancaq ibtidai məktəb şagirdləri gün ərzində 3-4 saat "mavi ekran" qarşısında əyləşirlər. Televizorun uşağın inkişafına ancaq mənfi təsir etdiyini deməklə yanlışlığa yol vermiş olarıq. Təbii ki, uşaqlar televizorla müəyyən dozada təmas etməlidirlər. Ancaq uşaq üçün hərəki aktivlik valideynlərlə, ətraf aləmlə canlı ünsiyyətdir. Uşaq valideynləri, yaşıdları ilə canlı ünsiyyət quraraq insan kimi formalaşır, sosial münasibətləri, əlaqələri qurmağı öyrənir. Həmçinin onun xasiyyəti formalaşır.
Bir tərəfdən uşaq televiziya proqramlarından maraqlı informasiyalar ala bilər. Bununla o, dünyagörüşünü artırmaqla yanaşı, müəyyən davranış qaydalarını da öyrənir. Bir də ki, yaşıdlarıyla dil tapa bilməyən uşaqlar üçün televizor əvəzedilməz "yoldaş"dır. Ancaq etiraf etmək lazım gəlir ki, televizora aludə olan uşaq reallıqdan uzaq düşür. Ona görə ki, televizora sərf olunan müddət ərzində uşaq maraqlı oyun oynaya, yaşıdlarıyla təmas qura bilər.
Bir sıra sosioloji tədqiqatların nəticələrinə görə, müasir uşaqlar valideynlərindən daha çox televizorla təmasda olurlar. Unutmaq lazım deyil ki, televizorla "ünsiyyət" birtərəflidir, bu prosesdə uşaq həqiqi həmsöhbət qismində çıxış etmir.
Maraqlıdır ki, televizor qarşısında çox vaxt keçirən uşaqlar yaxşı oxuya və fikirlərini aydın ifadə edə bilmirlər. Bundan başqa, bəlli olmuşdur ki, uşaqlar daha çox əyləncəli verilişlərə baxırlar. Bu həm də onunla əlaqədardır ki, valideynlər hansı proqramlara baxmağı uşaqlarına məsləhət görmürlər. Amma inkişafa kömək edən proqrama baxmağı məsləhət görməklə, valideynlər uşaqlarında yaxşı zövq formalaşdıra bilərlər.
Təəssüf ki, valideynlərin əksəriyyəti baxılmış proqramları uşaqlarıyla müzakirə etmirlər, onlara elə gəlir ki, diktor və ya verilişin aparıcısı hər şeyi yaxşı başa saldı. Lakin böyüklər unudurlar ki, maarifləndirici verilişlər uşaqlardan diqqəti cəmləşdirməyi və fikirləşmək qabiliyyətini gücləndirməyi tələb etmir. Belə gərginliyi isə uşaqlar sevmir və buna görə də onlar daha çox əyləncəli proqramlara baxmağa üstünlük verirlər. Sonunda uşaqlar qiymətli vaxtlarını boş yerə sərf edirlər.
Bəzilərini televizor yorur və nəticədə uşaqlar əzgin və əsəbi olurlar. Həssas uşaqlar isə döyüş filmlərinə baxdıqdan sonra çox hallarda əsəbləşirlər. "Dəhşət" filmləri daha mənfi təsir göstərir. Belə filmlər uşaqlarda mövcud qorxu hissini gücləndirməklə yanaşı, yeni qorxuların da yaranmasına şərait yarada bilər. Bundan başqa, döyüş və dəhşət səhnələri uşaqların psixikasını da pozur. Zorakılıq və dəhşət filmlərini seyr edən uşaq real həyatda aqressiv olmağa hazır olur. Aqressiv olmayan uşaqlar isə reallıqdan qorxaraq həyatdan daim fəlakətlər gözləyirlər. Buna görə də valideyn uşaqlarını "sehrli qutu"nun qarşısında oturdarkən yaxşı-yaxşı fikirləşməlidir.
Uşağın emosional inkişafı üçün canlı ünsiyyət lazımdır və bu şəraiti uşaq üçün yaratmaq lazımdır. Psixoloq Mehriban Rzayevanın fikrincə, uşaqları texnikadan uzaqlaşdırmağın yolu ona alternativ yaratmaqdır. Uşağa canlı həyatla ünsiyyəti qurmaq lazımdır. Əgər uşaq aktivdirsə, sosial uşaqdırsa, problemi olmayacaq. O özünə qapanırsa, televizor və kompüterə meyillidirsə, cəmiyyətdən qaçmağa çalışacaq və televizor və internet onun yuvası olacaq. Belə uşaqların ətrafında canlı komanda qurmaq lazımdır.
Deməli, valideynlər uşaqlarının hərtərəfli - intellektual, mənəvi və fiziki inkişafını təmin etmək üçün şərait yaratmalıdırlar. Uşağın fiziki inkişafı, hərəkəti, bədənin böyüməsi çox vacibdir. İnsanın bünövrəsi uşaqlıqda qoyulur. Burada söhbət həm fiziki sağlamlıqdan, xasiyyətinin formalaşmasından, intellektdən və dünyagörüşündən gedir. Psixoloqun qənaətincə, belə mərhələdə valideynlər övladlarının inkişafına və tərbiyəsinə həssas yanaşmalıdırlar. Mehriban Rzayeva deyir: "Müasir valideyn bu dünyada mürəkkəb proseslərin və kəskin rəqabətin getdiyini, dinamikanı yaddan çıxarmamalıdır".
Milli.Az