Əfqanıstanın təhlükəsizlik qüvvələri “Taliban”ın Qəzni şəhərinə hücumunu dəf edib

10 Avqust 2018 19:00

Əfqanıstanın təhlükəsizlik qüvvələri "Taliban" hərəkatının Qəzni vilayətinin eyni adlı administrativ mərkəzinə hücumunu dəf edə biliblər. Toqquşmalar nəticəsində azı 16 nəfər həlak olub, 33 nəfər isə yaralanıb.

Milli.Az bildirir ki, AZƏRTAC TASS informasiya agentliyinə istinadla verdiyi xəbərə görə, həlak olanların 14-ü hərbçi, 2-si isə dinc sakindir. Agentliyin məlumatına əsasən, təhlükəsizlik qüvvələrinin əks-hücumu nəticəsində yaraqlılar geri çəkiliblər. Şəhərdə və onun ətrafında əməliyyatlar davam edir.

Xatırladaq ki, avqustun 10-da səhər saatlarında taliblər şəhərin müxtəlif rayonlarına, o cümlədən yerli polis şöbəsinə, milli təhlükəsizlik idarəsinə və qubernatorun işlər idarəsinə silsilə hücumlar təşkil etmişdilər. "Taliban" nümayəndələrinin sözlərinə görə, onlar Qəzni yaxınlığında bir neçə blokpostu ələ keçirməyə müvəffəq olublar.

Milli.Az