"MİR 24" telekanalı: Bakı rusiyalıların yay istirahəti üçün MDB-də ən populyar şəhərə çevrilib - VİDEO

10 Avqust 2018 20:44

"MİR 24" telekanalının Azərbaycana həsr etdiyi süjetdə turistləri Odlar Yurduna cəlb edən amillərdən danışılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, süjetdə Bakının rusiyalıların yay istirahəti üçün MDB-də ən populyar şəhərə çevrildiyi qeyd olunur. Azərbaycan paytaxtını bu mövsümdə artıq 1 milyondan çox turist ziyarət edib. Bakının vizit kartı - İçərişəhərdir. O, turistləri qədim Şərq arxitekturasına məxsus orijinallığı ilə cəlb edir.

Turistlərdən biri deyir: "Şərq ilə Avropanın harmoniyası belədir: Bakı qədim, eyni zamanda, müasir şəhərdir. Bununla da həmişə diqqət çəkir".

Bakıda ən məşhur yerlərdən biri Kiçik Qala küçəsidir. Burada A.Qaydayın "Brilyant əl" komediyasının epizodu çəkilib. Səyahətçilərin əksəriyyəti Qız Qalasını görmək üçün Bakıya səfər edir. Ağzının dadını bilən turistləri Bakıda milli mətbəx və Qafqaz qonaqpərvərliyi cəlb edir.

"Təkcə evində qonaq olduğumuz dostlarımızın deyil, həm də burada yaşayan bütün insanların qonaqpərvərliyi hər şeydən çox xoşuma gəldi. Hətta yolu soruşduqda belə hamı rus dilində cavab verir, rus dilində danışır", - deyə digər turist bildirib.

Turizm sahəsi üzrə ekspert Eduard Şalonosov MDB ölkələrinin rusiyalı turistləri nə ilə cəlb etdiyi barədə fikirlərini "MİR 24" telekanalı ilə bölüşüb.

-Bu il Bakı turistlər üçün MDB-nin baş şəhəri adlandırılıb. Bu nə ilə bağlıdır?

-Birincisi, biz hazırda İtaliya, İspaniya və digər ölkələrdə anomal istilər müşahidə edirik. İkincisi, Azərbaycana gələrkən biz başa düşürük ki, bu ölkə daha təhlükəsizdir.

Bütün sosial şəbəkələrdə, mediada belə bir videoçarx göstərildi - Fransaya gəlsəniz, siz baqajsız qalacaqsınız. Hər halda istirahətə getmək arzusunda olan turist fikirləşmir ki, özü ilə hansı zirehli geyim, müdafiə olunmaq üçün hansı avtomat silah götürsün. Hamımız bilirik ki, Avropaya Suriya və Əlcəzairdən 2 milyondan çox miqrant gəlib. Bu, həqiqətən çox təhlükəlidir. Bakını isə təhlükəsiz şəhər adlandırmaq olar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: