Tərcümə mərkəzləri nə işlə məşğuldur? - ARAŞDIRMA
9 Sentyabr 2011 21:53
Bu gün tərcümə mərkəzləri ədəbi əsərlərdən çox sənədlərin tərcüməsi ilə məşğul olular. Bir çox dillərdə isə ədəbiyyatımız demək olar ki, tərcümə olunmur. Niyə? "Mərkəz" informasiya agentliyi bunun səbəblərini araşdırmağa çalışıb.
İlyas Tapdıq, şair: "Maraqlı əsərlər hər zaman tərcümə olunub. Tərcümə mərkəzləri maliyyə problemləri yaşayır. Və bu üzdən də fəaliyyətləri çox aşağıdır. Universitetlərdə tərcümə laboratoriyaları yaradılmalıdır. Tərcümə əsərlərini tərcümə edən mütəxəssislər azlıq təşkil edir. Paytaxtımızda metronun "Sahil" stansiyasının yaxınlığında sıra ilə düzülmüş tərcümə mərkəzləri fəaliyyət göstərir. Bu tərcümə mərkəzləri müştəri qazanmaq üçün əldən-ayaqdan gedirlər. Belə ki, mərkəzlərin təyin etdiyi xüsusi adamlar əyni-başı "səliqəli" olan bir şəxs görən kimi "tərcümə, tərcümə" deyə qışqırmağa başlayırlar. Metronun "Sahil" stansiyasının yaxınlığındakı tərcümə mərkəzlərindən birinin meneceri Cəmşid Babayevin sözlərinə görə, "onların mərkəzində sənəd və məqalələri Azərbaycan, rus, ingilis və fransız olmaqla, əsasən 4 dilə tərcümə edirlər. Bu mütəxəssislər isə ancaq sənəd tərcümə edirlər".
Elçin Mirzəbəyli, şair: "Ədəbiyyatı tərcümə edən tərcümə mərkəzləri çox azdır. Mən bildiyim qədər sənəd tərcümə mərkəzləri həddən artıq çoxdur. "Qanun" nəşrlər evinin tərcümə olunmuş kitabları ilə tanışam, amma harada tərcümə olunduqlarını bilmirəm. Mən rus dilini təmiz bildiyim üçün orijinaldan Azərbaycan dilindən tərcümə olunduğunu seçə bilirəm. Amma digər dilləri bilmədiyim üçün seçə bilmirəm. Şərq ədəbiyyatçıları dünyada elə də tanınmadığı üçün onları kifayət qədər tərcümə etmirlər. Amma Azərbaycanda ərəb dilini bilənlər həddən artıq çoxdur. Məncə Avropa və rus ədəbiyyatçılarının əsərlərini tərcümə etsələr, yaxşıdır".
Oqtay Hacımusalı, şair: "Azərbaycanda ədəbi tərcümənin vəziyyəti haqqında həmişə demişik, həmişə yazmışıq. Amma dəyişən bir şey olmayıb. Həmişə eyni problemlər, həmişə eyni düşüncələr, həmişə eyni sözlər... Amma inkişaf olduqca ləng gedir. Səbəb də bəllidir: Azərbaycanda "çörəyi ver çörəkçiyə birini də üstəlik..." - prinsipinə kimsə riayət etmir. Nəticədə tərcümədə belə ciddi problemlər hələ də qalmaqda davam edir. Bu problemi düşünəndə istər - istəməz adamın ağlına bir sual gəlir: hanı bizim tərcüməçilik fakültəsinin tələbələri?"
Faiq Balabəyli, şair: "Vallah, Azərbaycanda sırf ədəbiyyatla məşğul olan tərcümə mərkəzi tək Azərbaycan tərcümə mərkəzini və AYB-nin nəzdində yaranan tərcümə mərkəzini bilirəm. Amma bəzi nəşriyyatların tərcümə olunmuş kitabları ilə tanışam. Elə tərcümə mərkəzləri də var ki, müştərinin imkanlı olmasından istifadə edərək, bir neçə dəfə yüksək rəqəm söyləyirlər. Bir sözlə, hər kəsin bir məqsədi var, o da pul qazanmaq, fərqi yoxdur, istər qanuni yolla olsun, istərsə də qeyri-qanuni. Amma ümumlikdə tərcümə mərkəzlərinin fəaliyyəti qənaətbəxş deyil".
Rövşən Əliyev, yazar, tərcüməçi: "Tərcümə mərkəzləri maliyyə sıxıntılarına görə fəaliyyətləri çox aşağıdır. "Xəzər" jurnalı Azərbaycan tərcümə mərkəzinin nəzdində yaranıb. Və 2 il qabaq hər ay əsərlər tərcümə olunaraq "Xəzər" jurnalında çap olunurdu. İndi hal-hazırda Azərbaycan tərcümə mərkəzinin büdcəsi kifayət qədər deyil. Bir də dilləri kifayət qədər bilmirlər. Tərcümə mərkəzləri hal-hazırda lahiyələr şəklində işləyirlər. İndi tərcümə mərkəzlərinin çoxu əsər tərcümə etməkdən sənəd tərcümə edir".
Dilqəm Əhməd, yazar: "Sırf ədəbi tərcüməyə keçmədən öncə deyim ki, Azərbaycanda fəaliyyətin bir sıra sahələri ilə bağlı peşəkar tərcüməçiliyə ehtiyac duyulur. Mən özüm sosial işlə məşğul olduğumdan təmsil olunduğum layihələr üçün tərcümə xidmətlərinə tez-tez müraciət etməli oluruq. Çox maraqlıdır ki, tərcümə işi ilə məşğul olan qurumlar arasında qiymətlərlə bağlı razılaşma var. Çox hallarda bu qurumlar bazarı standart qiymətlərlə özləri tənzimləyirlər. Qısası onu demək mümkündür ki, ölkədə peşəkar tərcüməçilər və yaxşı xidmət göstərən qurumlar mövcuddur. Ədəbi sahədə tərcüməyə gəldikdə isə son dönəmlərdə "Qanun" nəşriyyatının "Ən Yeni Tərcümə" seriyasından buraxılan kitabların önəmini vurğulamaq istəyirəm. Xüsusən də, Corc Oruellin "1984" romanı və "Heyvanıstan" povestini mükəmməl tərcümə hesab edirəm. Xarici ədəbiyyatın rus dilindən tərcüməsini uğurlu hesab etmirəm, baxmayaraq ki, Kamyunun "Yad" povesti Əlisa Nicatın tərcüməsində uğurlu alınıb, amma povest fransız dilindən tərcümə olunsaydı, daha mükəmməl olacağını düşünürəm. Markesin tərcümə olunmuş kitablarından hələlik "Polkovnikə məktub yoxdur" povestini oxumuşam, uğurlu alınıb (baxmayaraq ki, əsərin sonuncu cümləsi ətrafında düşünmək lazımdır). Tərcüməçilərin adları yadımda qalmasa da, Hessenin "Siddhartha" povesti də Azərbaycan türkcəsində rahat oxunulur. Hazırda "Solfront"un çap etdiyi Sartrın "Ürəkbulanma" romanını oxuyuram. Sartrın Azərbaycan türkcəsinə çevrilən ilk irihəcmli əsəridir. Ümumilikdə, deyə bilərəm ki, ədəbiyyatda bu sahə yüksələn xətlə inkişaf edir, bu prosesi sadəcə dəstəkləmək lazımdır".
Belə bir nəticəyə gəlmək olar ki, tərcümə mərkəzlərinin ədəbiyyatla məşğul olmamaqlarının başlıca səbəbi maliyyədir. Və bu mərkəzlər öz maliyyə vəziyyətlərini yaxşılaşdırmaq üçün sırf sənədlərin tərcüməsi ilə məşğul olurlar. Ədəbiyyat layihələrinin olmaması həmin mərkəzlərin işçilərində heç bir maddi maraq oyatmır və tərcümə prosesləri ləng gedir.
Milli.Az