Tacikistan Prezidenti Emoməli Rəhmon Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

10 Avqust 2018 12:20

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarının üzərinə də gül dəstələri qoyub.

Daha sonra Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Emoməli Rəhmon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

Ali qonaq "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Tacikistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Milli.Az