Prezident İlham Əliyev: "Tacikistan və Azərbaycan iştirak etdiyimiz beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəkləyir və bu dəstək ölkələrimiz üçün çox əhəmiyyətlidir"

10 Avqust 2018 11:59

"Tacikistan və Azərbaycan iştirak etdiyimiz beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəkləyir və bu dəstək ölkələrimiz üçün çox əhəmiyyətlidir".

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

Azərbaycan Prezidenti bildirib: "Emoməli Şərifoviçi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizi yenidən görməyə çox şadam. Bizim bu gün ikitərəfli münasibətlərin gündəliyini ətraflı müzakirə etmək imkanımız oldu, regional əməkdaşlıq məsələlərinə toxunduq. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə işimizi davam etdirəcəyik.

Biz Sizi Azərbaycanda görməyimizə çox şadıq. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcək. Biz beynəlxalq arenada çox fəal qarşılıqlı fəaliyyət göstəririk. Tacikistan və Azərbaycan iştirak etdiyimiz beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəkləyir və bu dəstək ölkələrimiz üçün çox əhəmiyyətlidir".

Dövlət başçısı qeyd edib: "Biz bu gün qarşılıqlı iqtisadi fəaliyyəti də müzakirə edəcəyik. Artıq nümayəndə heyətlərinin üzvləri fəal iş aparıblar. Sizin səfəriniz ərəfəsində səfərlə bağlı materialları hazırlamaq və iqtisadi layihələr, o cümlədən nəqliyyat, ölkələrimizin sənayesinin inkişafına dair layihələr üzrə vacib qərarlar qəbul etmək üçün ölkələrimizin rəsmi təmsilçilərinin bir neçə görüşü keçirilib. Biz bu haqda artıq danışmışıq və daha geniş tərkibdə bu məsələləri müzakirə edəcəyik.

Əlbəttə ki, münasibətlərimizin vacib hissəsini humanitar sahədə əməkdaşlıq təşkil edir. Burada biz xalqlarımız arasında ənənəvi əlaqələrə istinad edirik. Bu əlaqələr bugünkü münasibətlər üçün yaxşı təməldir. Düşünürəm ki, qarşıdakı illərdə biz, həmçinin xalqlarımızın daim sıx təmasda olması məqsədilə ölkələrimizdə mütəmadi mədəni tədbirlər keçirmək üçün iş aparmalıyıq. Münasibətlərimizin gündəliyi çox genişdir. Biz mütəmadi görüşürük, səfərlər, beynəlxalq xarakterli tədbirlər çərçivəsində vacib məsələləri müzakirə edirik. Şadıq ki, bu gün dostluq münasibətləri uğurla inkişaf edir. Mən bir daha Sizi səmimi qəlbdən salamlayıram və Azərbaycanda vaxtınızı yaxşı keçirməyi arzulayıram".

Milli.Az